XƏBƏRLƏR

2022-08-24

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin yekununa dair mətbuat konfransı keçirilib

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin yekununa dair mətbuat konfransı keçirilib.
Qobustan Milli Tarix-Bədii Qoruğunda xarici tərəfdaşlarla müştərək elmi-tədqiqat layihələri çərçivəsində 2019-cu ildən icrasına başlanılan “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin son mərhələsi başa çatır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin,Qobustan Milli Tarix-Bədii Qoruğunun, Madrid Komplutense Universitetinin (İspaniya) və Ferrara Universitetinin (İtaliya) dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqi, xronometrik üsulla qayaüstü təsvirlərin xronoloji çərçivəsinin müəyyən edilməsi və üzəri təsvirli qayalarla insan məskənləri arasındakı əlaqəni müəyyən etməkdir. Layihədə Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Madrid Komplutense Universiteti (İspaniya), Milli Elmi Tədqiqatlar Mərkəzi (Fransa), Ferrara Universiteti (İtaliya), Milli Araşdırma Şurası (İtaliya), Rovira və Virgili Universiteti (İspaniya), Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutu (İspaniya), Barselona Universiteti (İspaniya), Milano Universiteti (İtaliya) və Neapol l'Orientale Universiteti (İtaliya) iştirak edib.
Konfransı giriş nitqi ilə açan qoruğun direktoru Vüqar İsayev öncə “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi haqqında ətraflı məlumat verib, 2019-cu ildən icrasına başlanılan tədqiqat işinin COVID-19 pandemiyası ilə əlaqədar fasilələrlə davam etdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana zağa sığınacağının qayaüstü təsvirlərinin qeydiyyatı aparılıb, 1960, 1970 və 1980-ci illərdə arxeoloqlar İ.Cəfərzadə, C.Rüstəmov və F.Muradova tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı qeydə alınmış mədəni təbəqə və qoruğun fondunda saxlanılan üzəri təsvirli daşlar müasir elmi metodlarla öyrənilib. Təsvirlərin minimum yaşının müəyyənləşdirilməsi üçün təsvirli qayalarla birbaşa əlaqədə olan1977-ci ildə C.Rüstəmov tərəfindən arxeoloji qazıntı işləri aparılmış kiçik sahədə qeydə alınmış mədəni təbəqəyə baxış keçirilib.
Bildirib ki, ərazidə ilkin mərhələdə aparılan tədqiqatlar zamanı insan fəaliyyəti ilə bağlı olan Mezolit dövründən (təxminən 10,000 il əvvəl) Orta əsrlərə (XV əsr) qədərki dövrü əhatə edən 5 arxeoloji təbəqə qeydə alınıb. Son zamanlar əcnəbi mütəxəssislər tərəfindən qoruğa elmi tədqiqat məqsədi ilə çoxsaylı müraciətlərdən bəhs edən Vüqar İsayev Qobustan abidələrinin artıq dünya mütəxəssislərinin diqqət mərkəzində olan elmi tədqiqat obyektinə çevrildiyini bildirib. Qoruq rəhbəri eyni zamanda xarici ölkələrdə aparılacaq elmi tədqiqat layihələrində qoruq əməkdaşlarının iştirak etməsi barədə ilkin razılığa gəlindiyini də bəyan edib.
Sonra söz İspaniyanın Rovira və Virginiya universitetinin professoru Manuel Vaquero Rodrigezə verilib. Qobustanı qayaüstü incəsənətinin əhatə etdiyi tarixi çərçivənin genişliyi, mövzu müxtəlifliyi, ayrı-ayrı dövrlərin həyat səhnələrini əks etdirməsi, təsvirlərinin müxtəlif texniki üsullarla real çəkilməsi cəhətdən tayı-bərabəri olmayan qədim abidələr kompleksi adlandıran mütəxəssis apardıqları tədqiqat işindən danışıb. Qeyd edib ki, aparılan son elmi tədqiqatlar nəticəsində ərazidən daş materiallar, insanlar tərəfindən ovlanmış heyvan sümükləri (qoyun, keçi, at və iribuynuzlu), bəzək əşyaları, keramika və son 10,000 il ərzində ətraf mühitin necə dəyişdiyini anlamağa imkan verən kömür qalıqları aşkar olunub.
Tədqiqatçı qeydə alınan ən maraqlı tapıntılardan biri- Mezolit dövrünə aid edilən 5-ci təbəqədə aşkar olunan insana məxsus osteoloji qalıqlar barədə ətraflı məlumat verib. O bildirib ki, tapıntı təxminən 4-8 yaş arası uşağa aid ayaq sümüyüdür. Ərazidə aşkar olunan və bu tapıntı haqqında daha çox məlumat əldə etməyə kömək edəcək əlavə təhlil gözləyən artefaktların insan qalıqlarının dəfnə aid olduğunu fərz etməyə imkan verir. Qobustanın uzun dövrlü qayaüstü təsvirlərinin burada yaşayan insanların mənəvi aləmini, incəsənət duyumunu öyrənmək üçün əvəzsiz xəzinə olduğunu deyən ispan mütəxəssis gələcəkdə aparılacaq tədqiqatların aşkar olunmuş osteoloji qalıqların yaşını daha yaxşı müəyyənləşdirməyə, C.Rüstəmov və F.Muradova tərəfindən aşkar olunan digər skelet qalıqları ilə əlaqəni müəyyən etməyə imkan verəcəyini bildirib.O qeyd edib ki, Ana zağadakı insan qalıqları son ovçu-yığıcı cəmiyyətinin ənənəvi rituallarının və simvolik davranışlarının öyrənilməsində açar rolunu oynayır.
"Sonrakı tədqiqatlar bu uşağın DNT-sini və onun daha çox ovçu-yığıcı Avrasiya populyasiyaları ilə əlaqələrini müəyyən etməyə imkan verəcək. Eyni zamanda izotopik analiz bu insanların gündəlik qidalanması haqqında məlumat əldə etməyə şərait yaradacaqdır".
Sonra iştirakçılar mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Sonda media nümayəndləri üçün infotur təşkil olunub.
Qeyd edək ki, tədqiqatlarda Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodriges (Rovira və Virgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edib.
Qoruq əməkdaşları Günay Verdiyeva, Turan Yunus və Rəfael Bəkirov tədqiqatlara köməkçi qismində cəlb olunublar.

2022-08-03

Qobustan Milli Tarix-Bədii Qoruğunun sifarişi ilə ərsəyə gələn “Bəşəriyyətin ortaq dəyəri – Qobustan” sənədli filminin və “Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçirilib.

Avqustun 3-də “Park İNN” hotelində Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun sifarişi ilə ərsəyə gələn “Bəşəriyyətin ortaq dəyəri – Qobustan” sənədli filminin və “Qobustan – Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçirildi. Qonaqlar öncə Qobustan qoruğunun nəşr etdiyi kitab, jurnal və bukletlərdən ibarət sərgi ilə tanış oldular.
Açılış nitqi ilə çıxış edən Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev qonaqları salamlayaraq bildirdi ki, qoruqda elmi tədqiqat müəssisəsi kimi yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır: “2016-cı ildə Qobustan qoruğunda “Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Tədqiqat layihəsinin ilkin nəticələri “Qobustan-Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqda əksini tapıb”.
Direktor qeyd etdi ki, Qobustan abidələrinin öyrənilməsi və təbliği qoruğun əsas fəaliyyət istiqamətlərindən biridir. Qoruq aparılan elmi tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır: “Həmçinin qeyd edim ki, üçillik tədqiqatın nəticəsi olaraq Cingirdağ-Yazılıtəpə ərazisində 169 təsvirli daşda (tədqiqata qədər 151 idi) 1347 (tədqiqata qədər 877 idi) qayaüstü təsvir, işarə, dəlmə və çapma sənədləşdirilərək qeydiyyata alınıb”.
Film haqqında söz açan Vüqar İsayev dedi ki, qoruğun sifarişi ilə ərsəyə gələn “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli ekran işi dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olan Qobustan abidələrindən, burada aparılan elmi tədqiqat işlərindən bəhs edir.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov diqqətə çatdırdı ki, 2007-ci ildə “Qobustan qaya sənəti mədəni landşaftı” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustan qayaüstü rəsmləri böyük tədqiqatlar üçün əhəmiyyətli abidədir: "Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələri haqqında hər iki layihə çox önəmlidir. Biri nazirliyin dəstəyi ilə lentə alınan sənədli filmdir, digər isə kataloq. Film Qobustanın tarixinə, burada qayaüstü rəsmlərə yeni bir baxışı təqdim edir. Hər iki layihə vasitəsilə Qobustanın qayaüstü təsvirləri haqqında geniş məlumat əldə etmək mümkündür. Kataloqda qayaüstü təsvirlər müasir texniki vasitələrlə rəqəmsallaşdırılaraq təqdim edilib. Qobustanda olan 7000 təsvir kataloqa daxil edilib və nəşrin ikinci cildi də hazırlıq mərhələsindədir. Bu kataloq tədqiqatçılar üçün mühüm elmi mənbədir. Eyni zamanda ictimaiyyət və xarici mütəxəssislər üçün çox dolğun bir məlumat bazasıdır. Həyata keçirilən layihələr həm də onu deməyə əsas verir ki, Qobustan zənginlikləri bundan sonra da araşdırılmalıdır. Azərbaycanın qədim sivilizasiya məkanı olmasını sübut edən bu qoruq ərazisindəki abidələr xaricdən dəvət olunmuş mütəxəssislərin də iştirakı ilə tədqiq edilməlidir. Eyni zamanda Qobustana qədim sivilizasiya məkanı kimi turist axınına nail olmaq da əsas vəzifələrdən biridir”.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Füruzə Muradova Qobustan qoruğunda aparılan tədqiqat işləri haqqında söz açdı. Qeyd etdi ki, qoruğun ilk tədqiqatçısı, arxeoloq və etnoqraf, tarix elmlər namizədi İshaq Cəfərzadə 1939-1950-ci illərdə Abşeron, Səbail, Qobustan və s. arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə Qobustan qoruğu SSRİ Nazirlər Sovetinin qərarına əsasən, Qobustan Dövlət Tarix Qoruğu statusunu alıb. 2007-ci ildə Qobustan qoruğu Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi ilə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bundan sonra Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, qoruq “milli” statusu alıb. 2011-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni inzibati binası tikilib. Bu bina qoruğun zəngin fondu sayəsində 2013-cü ildə Avropanın ən yaxşı 10 muzeyinin sırasında yer alıb. Qoruq 2019-cu ildə İCESCO-nun İslam İrsi Siyahısına daxil edilib.
Füruzə Muradova Qobustan qoruğu ilə bağlı hər iki layihədə əməyi keçənlərə təşəkkürünü ifadə etdi.
Çıxışlardan sonra qonaqlar “Bəşəriyyətin ortaq dəyəri – Qobustan" sənədli filmini izlədilər.
 
 
 
 
 
 
 
 

 

2022-03-21

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov festivalı” keçirilib


Festivalda Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Hindistan Respublikasinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Rustam Soliyev, Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Həməd Abdullah əl Xinzab və ictimaiyyət nümayəndələri  iştirak edib.

Əvvəlcə Qobustanın simvolu-bahar qız  qonaqları salamlayıb, bayram münasibəti xalqımızı ilə təbrik edib. İgidlik, qəhrəmanlıq simvolu olan İkinci Qarabağ müharibəsi  qazisi bayram məşəlini   mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə təqdim edib,  bayram tonqalı alovlandırılıb.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək bildirib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycanın YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olmuş dünya əhəmiyyətli abidəsi olmaqla yanaşı, həm də minilliklər ərzində xalqımızın adət-ənənələrini, folklorunu, etnoqrafiyasını qayaüstü təsvirlər vasitəsilə bugünümüzə çatdıran sakral məkanlardan biridir.

"Tədqiqatçılar Qobustan qoruğunun Tunc Dövrünə aid qayaüstü təsvirlərində Novruz bayramı ərəfəsində oynanılan  “Kosa oyunu”, etnoqrafik ədəbiyyatda “Təkə oyunu” və ya “Təkəçi mərasimi” adlandırılan xalq oyununun qədim növünün əks olunduğunu hesab edirlər. Bu fakt onu deməyə əsas verir ki, ən azı Tunc Dövründən başlayaraq Qobustan bahar bayramının və digər xalq mərasimlərinin keçirildiyi məkan olmuşdur

Novruz bayramı Azərbaycan xalqının adət-ənənlərinin, zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət hadisəsidir.  Bu  həm də bizim milli mədəniyyətimizin,  humanist dəyərlərimizin və  zəngin mətbəx mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində önəmli bir hadisədir."

Çıxış edən Tacikistan Respublikasınin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rustam Soliyev festivalda iştirakından məmnunluğunu ifadə edib, Azərbaycan xalqına Novruz bayramı münasibəti ilə xoş arzularını çatdırıb.

Festivalda “Şah plov”, “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” və s kimi Azərbaycan mətbəxinə aid plov nümunələri, habelə Hindistan, Qətər və Tacikistan  mətbəxinə aid  plov nümunələri iştirakçılara təqdim olunub, onlar haqqında  ətraflı məlumat verilib.

Novruzun personajları- Kosa və Keçəlin məzhəkəsi, məzəli deyişmələri, kəndirbazların şouları, Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının və Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin üzvlərinin  ifasında səhnəciklər, musiqiçilərin ifasında konsert proqramı,  Lənkəranın "Nənələr" folklor və rəqs kollektivinin çıxışları və uşaqlar üçün kəndirdartma oyunları  festival iştirakçılarına  bayram ovqatı, şən əhval-ruhiyyə  bəxş edib.

Tədbirdə həmçinin uşaqların əl  işlərindən ibarət rəsm sərgisi təşkil olunub, əl işlərinin və suvenirlərin satış yarmarkası keçirilib




 

2022-02-10

Qobustan Milli Tarix-Bədii Qoruğunda "Plov" festivalı keçiriləcək

Novruz bayramı adət-ənənlərinin təbliği və bayram ərəfəsində qoruğa gələn ziyarətçilərə Azərbaycan mətbəxinin şahı hesab edilən, eləcə də, bir sıra ölkələrin mətbəxində əhəmiyyətli yer tutan plovun müxtəlif növlərini tanıtdırmaq məqsədi ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda 21 mart 2022-ci il tarixində saat 11:00-da "Plov" festivalı keçiriləcək.
Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın, həmçinin Hindistan, Qətər, Qırğızıstan, Özbəkistan və digər bir sıra ölkələrin mətbəxinə aid plov nümunələri bişirilərək tədbir iştirakçılarına paylanacaq. Dəvətlilərin iştirakı ilə bayram tonqalı yandırılacaq. Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılarda xoş bayram ovqatı yaradacaq. Tədbirdə həmçinin uşaqların əl işlərindən ibarət rəsm sərgisi keçiriləcək, əl işlərinin və suvenirlərin satış yarmarkası təşkil olunacaq.

2021-09-09

Bu gün Qobustan Milli Tarix- Bədii Qoruğunun yaradılmasından 55 il ötür.

Bu gün Qobustan Milli Tarix- Bədii Qoruğunun yaradılmasından 55 il ötür.
Qobustan Milli Tarix - Bədii Qoruğu 1966- cı ildə yaradılmışdır, 1967- ci ildən fəaliyyət göstərir. Qoruq 2007- ci ildə YUNESKO- nun Dünya Mədəni İrs siyahısına, 2019-cu ildə isə İSESCO- nun İslam İrsi siyahısına daxil edilmişdir. Qoruğun ərazisi 4.5 min hektardan çoxdur, burada 5 dağda (Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şıxqaya, Şonqar) təxminən 7000 qayaüstü təsvir dövrümüzə gəlib çatmışdır. Qoruq ərazisində həmçinin, 20 sığınacaq ( mağara) və 40 kurqan qeydə alınmışdır. Qoruğun yeni binası və ekspozisiyası 26 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılmışdır.
Qobustan ulu əcdadlarımızdan xalqımıza miras qalan zəngin xəzinədir. Bu gün yalnız Qobustan abidələrini gələcək nəsillər üçün qoruyan, təbliğini həyata keçirən biz qoruq əməkdaşları üçün deyil, həm də bu xəzinəyə sahib olan xalqımız üçün əlamətdar tarixdir.Bu əlamətdar gün münasibətilə kollektivimizi və xalqımızı təbrik edirik! Bayramımız mübarək!

2021-08-13

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev Qobustan Milli Tarix-Bədii Qoruğunda olub

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Qobustan abidələri, burada aparılan elmi-tədqiqat işlərinin nəticələri, qoruqda görülən işlər və yeni layihələr barədə məlumatlar cənab müşavirin diqqətinə çatdırılıb. Qoruğun iş şəraiti ilə tanışlıqdan sonra kollektiv qarşısında çıxış edən müşavir son illər ölkəmizdə mədəniyyət sahəsində, onun dünya mədəniyyətinə inteqrasiyası işində görülmüş işlərdən danışıb, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış böyük zəfərdən, işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Ulu əcdadlarımızdan xalqımıza miras qalan Qobustan abidələrini yalnız ölkəmizin deyil, ümumdünya mədəni irsinin tərkib hissəsi olduğunu vurğulayan cənab Elnur Əliyev qoruğun gələcək fəaliyyəti istiqamətində tapşırıq və tövsiyələrini verib, kollektivə uğurlar arzulayıb.

2021-07-13

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi "Qaliblər düşərgəsi"nin iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi  "Qaliblər düşərgəsi"nin iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib. Ziyarətçilər Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq, döyüş və ov səhnələrinin  təsvirlərinə baxıblar. Açıq səma altında muzey ziyarətçilərin böyük marağına səbəb olub.

2021-01-23

Qobustan Milli Tarix- Bədii Qoruğu 25 yanvar tarixindən fəaliyyətini bərpa edəcək

ELAN
Qobustan Milli Tarix- Bədii Qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 yanvar 2021- ci il tarixindən fəaliyyətini bərpa edəcək. Qoruq hər gün saat 10:00- dan saat 18:00- a dək ziyarətçilər üçün açıq olacaq. Ziyarətçilər sanitar- epidemioloji qaydalara və metodiki göstərişlərə riayət etməklə, 10 nəfərdən artıq olmayan qruplarla qoruğu ziyarət edə bilərlər. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.
Əziz izləyicilər!
Əgər Siz də dünyadakı ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu Qobustan Milli Tarix- Bədii Qoruğundan salın. Çünki məhz bu məkanda Siz bəşər cəmiyyətinin ilkin dövründə yaşayan əcdadlarımızın həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız. Dəyərli vaxtınızı xoş və mənalı keçirməniz üçün, tarixi keçmişi, möhtəşəm abidələri və unikal qayaüstü təsvirləri ilə Qobustan Milli Tarix- Bədii Qoruğu yolunuzu gözləyir.
.

2020-10-26

Bildiriş

Bildiriş
Qobustan Milli Tarix-Bədii Qoruğuna daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bildirirk ki, qoruq koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq ziyarətçi qəbulunu dayandırıb.