Qayaüstü incəsənət
Qobustanda Böyükdaş dağının yuxarı terrasında petroqliflər (Şəkil 1). Petroqlifdə öküz tur və ya bu gün artıq nəsli kəsilmiş olan vəhşi öküz təsvir edilib. Öküz turdan solda, bir neçə başsız qadın fiquru görmək olar. Bu rəsmlər Qobustandakı ən qədim təsvirlərindəndir və üst paleolit dövrünə aid edilə bilər. Maral təsviri isə daha sonrakı dövrlərə aiddir.
Böyükdaş dağının, yuxarı terrasındakı petroqliflər (Şəkil 2). Üst palеolit bəşər tarixində bədii yaradıcılığın misilsiz inkişaf etdiyi və dünyanın bir çox yerində tanınan petroqlif sahələrinin yarandığı dövrdür. Qobustan petroqliflərindən bir neçəsini bu dövrə aid etmək olar. Öküz tur təsvirləri Qobustanın ən qədim təsvirlərindəndir. Təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir.
Qobustanın Kiçikdaş dağındakı petroqlifin cizgiləri (Şəkil 3). Bu delfin təsviridir. Kiçikdaş dağında delfin təsviri. Təbii böyüklükdə olan bu petroqlifdə xarakteristik “burun”lu delfin təsvir edilmişdir. Bu gün Xəzər dənizində delfin yaşamır. Bu heyvanların Xvalın dənizində (indiki Xəzər) yaşadığı və son buzlaşma mərhələsinin əvvəllərində yoxa çıxdığı ehtimal edilir. Bu petroqlif Qobustanın ən qədim petroqliflərindəndir və Üst Paleolit dövrünə aiddir.
Böyükdaş dağındakı bu iki petroqlifdə profildən çəkilmiş hamilə qadınlar təsvir edilib (Şəkil 4). Fiqurların başları yoxdur, lakin onların böyük qarınları nəzərə çarpır. Petroqlifləri Üst Paleolit dövrünə aid etmək olar.
Böyükdaş dağındakı bu qadın fiqurlarının yalnız konturları deyil, bütöv təsvirləri barelyef üsulu ilə həkk edilib (Şəkil 5). Qobustanın Böyükdaş dağının yuxarı terrasındakı Yeddi Gözəl mağarasındakı döyməli qadınlar. Onların bellərində kəmər, boyunlarında yapma sənəti ilə bəzədilmiş bir neçə qatlı boyunbağı var. Çiyinlərindən sirli alətlər və ya həmayillər asılıb; bu əşyalar güman ki, dini ayin və mərasimlərdə istifadə edilirdi. Bu petroqliflər üst paleolitlə mezolit arasındakı bir dövrdə yaradılıb. Qadın təsvirləri Qobustanın insan təsvirləri arasında ən qədim petroqliflərdir. Bunlar olduqca abstrakt təsvirlərdir. Qadınlar adətən profildən görünür, başsız və ayaqsız təsvir edilirlər. Güman ki, bu petroqliflər dini inanc və mərasimlərdə xüsusi yeri olan rəmzi məna daşıyırdılar. Ola bilsin ki, onlar hansısa ulu ananı, bolluq və ya bərəkəti təcəssüm etdirirdilər.
Qobustanda, Böyükdaş dağının yuxarı terrasında, bir neçə ovçunun təsvir edildiyi petroqlifin konturları (Şəkil 6). Güman ki, bu ovçu təsvirləri Mezolit dövründə yaradılıb.
Kaman və oxla silahlanmış ovçular (Şəkil 7). Bu ov silahları ilk dəfə mezolit dövründə meydana gəlib. Paleolit petroqliflərində çox nadir hallarda kişi fiqurları təsvir edilir, lakin mezolit dövründən etibarən kişi təsvirləri üstünlük təşkil etməyə başlayır. Bunun səbəbi ibtidai cəmiyyətdə baş verən dəyişikliklər ola bilər, lakin petroqliflərin əsl mənasını dərk etmək və onların əsasında baş verən dəyişikliklərin səbəblərini öyrənmək olduqca çətindir.
Ön hissəsində günəş rəmzi olan iki qayığın təsvir edildiyi petroqlifin konturları (Şəkil 8). Rəssamların qayıq təsvirlərini yaratmaq üçün istifadə etdikləri texnika, qadın, ovçu və öküzlərin petroqlifləri üçün istifadə edilən texnika ilə oxşardır. Arxeoloqlar ən qədim qayıq təsvirlərinin Mezolit dövrünə aid olduğunu güman edirlər. Bu şəkildə göstərilən petroqlif Qobustandakı ən qədim qayıq təsviri olmasa da, ən bədii və ustalıqla çəkilmiş təsvirlərdən biridir.
Kiçik qayıq rəsmlərinin Qobustandakı ən qədim qayıq təsviri olduğu güman edilir(Şəkil 9). Belə bir qayıq, gərək ki, 2-6 nəfəri saxlaya bilərdi. Belə qayıq təsvirlərinə Böyükdaş və Kiçikdaş dağlarının aşağı terraslarında rast gəlmək olar.
Uzun qayıq petroqlifi (Şəkil 10). Bu aypara şəkilli qayıqların bəzilərində sxematik şəkildə 40-dan artıq insan təsvir edilirdi. Qobustandakı qayıq petroqlifləri ən qədim petroqliflər arasındadır, bəlkə də bunlar dünyanın ən qədim qayıq təsvirləridir. Qayıq petroqliflərinin mənası aydın deyil- bəzilərinin dediyinə görə, onlar axirət həyatını və ulu əcdadları təsvir edir- digərlərinin fikrincə isə, bu rəsmlər Xəzər sahillərinin qədim sakinlərinin istifadə etdikləri qayıqların real şəkilləridir. Hər halda, bu rəsmlər regiondakı ibtidai insanların texniki imkanları və bədii təxəyyülü barədə zəngin təəssürat yaradan dəlillərdir.
Ritual rəqsin təsvir edildiyi petroqlifin konturları (Qobustanda Böyükdaş dağının yuxarı terrası) (Şəkil 11). Bu təsvir təqribən e.ə 6-cı minilliyə aiddir. Qobustanda ritual və ya rəqslə məşğul olurmuş kimi yan-yana dayanmış bir qrup insan fiqurunun təsvir edildiyi bir neçə petroqlif vardır. Bu səhnə müasir yallı rəqsini xatırladır.
Bunlar Qobustandakı, rəqs edən insanların təsvir edildiyi ən qədim rəsmlərdir (Şəkil 12). (Böyükdaş dağı, yuxarı terras). Rəqqas təsvirlərinin ölçüləri təbii ölçülərə uyğundur. Bir neçə insan təsvirindən ibarət kompozisiyalar Qobustandakı ən heyrətamiz petroqliflər sırasındadır. Hal-hazırda mənasını dəqiq müəyyən etmək mümkün olmasa da, gərək ki, bu mürəkkəb rəsmlər hansısa ritual rəqsi təzahür etdirir. Hər halda ov üçün sehirli hazırlıqlar, ritual mərasimlər müasir dövrdə yaşayan tayfalar arasında da geniş yayılmışdır. Məsələn, Avstraliya aborigenləri ova çıxmazdan əvvəl ritual rəqs edərlərmiş. Qobustan ovçularının da ovun uğurlu olmasını təmin etmək üçün sehirli rəqs ritualını yerinə yetirmiş olmaları mümkündür.
Boynunda ipi xatırladan cizgi çəkilmiş öküz turun təsvir edildiyi petroqlifin konturları (Şəkil 13). Rəsm Neolit Dövründə bu heyvanların artıq əhliləşdirildiyinin sübutu kimi yozula bilər. Qobustanda əhliləşdirilmiş heyvanları təzahür etdirən bir neçə petroqlif vardır. Bu petroqlif Böyükdaş Dağının yuxarı terrasındandır. Neolit dövrü insanların maldarlığı və heyvanları əhliləşdirməyi öyrəndiyi dövrdür. Heyvanların əhliləşdirilməsinin dəqiq ardıcıllığını müəyyən etmək çətindir, lakin əhliləşdirilmiş heyvan sürülərinin əcdadları olan öküz tur, ehtimal ki, insanların təsərrüfatda istifadə etdiyi ilk heyvan cinslərindən biri idi.
Keçi bir neçə mədəniyyətdə qədim günəş rəmzidir. O, həmçinin bolluq rəmzidir və ovsun mərasimlərində istifadə olunmuşdur. Günümüzə qədər gəlib çıxmış “kos-kosa” oyunu belə mərasimlərdən biridir. Folklor tamaşalarında “Kosa” adı ilə çıxış edən keçi obrazı Azərbaycan folkloruna insanlara həyat, işıq və xeyirxahlıq gətirən müsbət personaj kimi daxil olmuşdur.
Qobustanda, Yazılı təpədə iki keçinin petroqlifi (Şəkil 14). Azərbaycan ərazisində Bezoar keçinin qalıqları Qobustan, Abşeron, Gəmiqaya və Kəlbəcərin Neolit və Tunc dövrlərinə aid yaşayış məskənlərində tapılmışdır. Ovlanmalarına baxmayaraq, bezoarlara həm də müəyyən dərəcədə sitayiş edilirdi. Bu dövrdə xeyli heyvan əhliləşdirilsə də, ovçuluq Qobustan və digər ərazilərdəki insanlar üçün hələ də çox vacib idi.
Qobustanın Cingirdağ dağında keçi petroqlifi (Şəkil 15). Bezoar keçilərinin (Capra aegagrus) təsvir edildiyi qayaüstü rəsmlər Qobustanda ən geniş yayılmış rəsmlərdəndir. Ən qədim zamanlardan Azərbaycanda keçi kosmoloji məna daşıyırdı. Tunc dövründə keçi təsviri günəşi təcəssüm etdirirdi. Daha sonra isə keçi rəsmi xeyirin və bolluğun rəmzinə çevrildi.
Belə güman edilirdi ki, damğa adlanan bu işarələr Orta Əsrlər dövrünə aiddir. Lakin oxşar işarələr Monqolustanda Mezolit dövrünə aid abidələrdə aşkar edildikdən sonra Qobustandakı damğaların bəzilərinin də həmçinin daha qədim dövrə aid olduğunu demək mümkün oldu.
Qobustandakı ən qədim damğaların tarixi Tunc dövrünə qədər gedib çıxır (Şəkil 16). Arxeoloqların fikrincə, bu rəsmlər mülkiyyət nişanəsi idilər və müəyyən dərəcədə imza rolunu yerinə yetirirdilər. Qobustan ərazisində yerləşən bəzi qəbir daşlarında metal alətlərlə oyulmuş Damğalara rast gəlmək olar. “Möhür” işarəsi və ya damğa Azərbaycanın qayaüstü incəsənətinin səciyyəvi xüsusiyyətlərindəndir. Görünür, bu işarələr tayfa və qəbilələrin totemik rəmzi kimi istifadə edilirdi. Damğa fikri, güman ki, Paleolit dövrünün sonlarında meydana gəlib. Daş lövhələr və qayalar üzərində oxşar damğalar Monqolustandakı Mezolit dövrünə aid işarələrin əsas növləridir. Arxeoloqlar ən qədim Çin piktoqramları və qrafik təsvirləri arasında da oxşar simvollar tapmışlar.
Yazılı təpədə ov səhnəsi (Şəkil 17). Qayaüstü incəsənətin inkişaf etdiyi erkən dövrlərdən, qayaüstü rəsmlərin ən yayılmış mövzularından biri ov idi. Ola bilsin ki, bu rəsmlərin qədim ov inanclarında və ovsunlarında müəyyən rolu var idi.
Arabanı təcəssüm etdirən petroqlifin konturları (Qobustan, Cingirdağ) (Şəkil 18). Bu, e.ə 2-ci minilliyin son əsrlərinə aiddir. Tədqiqatçılar nəqliyyat vasitələrinin petroqliflərini müxtəlif cür yozurlar. Bəziləri onları rituallarla əlaqələndirirlər - döyüş və ya şumlama zamanı araba sürmə ritualı. Digərləri onlara əkinçilər üçün nəzərdə tutulmuş təqvim kimi baxırlar. Azərbaycanın dağlıq və əlçatmaz yerlərində nəqliyyat vasitələrinin təsvirləri Tunc dövründə “arabanın” ən vacib daşıma vasitələrindən biri olması faktı ilə izah edilir, müvafiq olaraq Azərbaycanın qədim sakinləri düzənlik ərazilərdə istifadə edilən nəqliyyat vasitələrini təsvir edirdilər. Dəmir dövrü texnoloji yeniliklər dövrü idi. Petroqliflər də üslub və texnika baxımından dəyişirdi. Onlar daha çox eskizi xatırlatmağa başlamışdılar. Bu gün bu rəsmlərin nə dərəcədə ovsun və dini məqsədlərlə istifadə edildiyini demək çətindir. Hər halda onlar tarixi mənbə kimi faydalıdırlar və Qədim dövrdəki Azərbaycanı xəyalımızda canlandırmağa kömək edirlər.
Dəvə karvanını əks etdirən petroqlifin konturları (Qobustanda Böyükdaş dağının aşağı terrası) (Şəkil 19). Petroqliflərdə dəvələrə az rast gəlinir. Bu təsvirlər əsasən Orta əsrlərin sonlarına aid edilir. Bəzi tədqiqatçılar güman edirlər ki, dəvəçilik Azərbaycana Mərkəzi Asiyadan gəlmişdir və bu sahənin inkişafı e.ə 2-ci minilliyin sonu və 1-ci minilliyin əvvəlinə aid edilir. Mingəçevir və Füzuli regionlarında aşkar edilmiş dəvə skeletləri və sümükləri bu fərziyyəni təsdiq edir.
Mehrab və ya Məkkə istiqamətini göstərən islami qövs (tağ) işarəsinin təsviri Böyükdaş dağının aşağı terrasında yerləşir (Şəkil 20). Qobustan 15 000 il əvvələ gedib çıxan Üst Paleolit dövrünün sonlarından 20-ci əsrin ikinci yarısına qədər davam edən geniş bir müddət ərzində yaradılmış petrqoliflərə rast gələ biləcəyiniz unikal bir yerdir. Bu dövr ərzində insanlar mədəni, texnoloji, siyasi quruluşda, coğrafiyada, ətraf mühit şəraitində bir neçə dəfə kəskin dəyişikliklər yaşamışlar. Bütün bu dəyişikliklərə baxmayaraq, Qobustanı xüsusi və sehirli bir yer kimi tanıyan insanlar hər zaman mövcud olmuşdur.