Muzeyin planı

Səviyyə 1
 

Vestibül:
Vestibül muzeyin və onun mövzusunun – petroqliflərin qonaqlara təqdim edildiyi yerdir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında görmək mümkündür.
 

Qobustan: “UNESCO”nun Ümumdünya Mədəni İrsi
“UNESCO” Dünya İrsi Siyahısı ən dəyərli təbii landşaftları qorumağa və planetimizin mədəni sahələrini gələcək nəsillərə ötürməyə yönəlmiş beynəlxalq səylərin tərkib hissəsidir. Qobustan kimi bir sıra qayaüstü incəsənət sahələri həmin siyahıya daxil edilmişlər. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir.

Qobustanın təbii mühiti
İlk petroqliflərin yaradıcısı olan insanların tanıdığı Qobustanla müasir Qobustan arasında kəskin fərqlər var. Bu otaqda qonaqlar sıx meşəli və müxtəlif növ heyvanların yaşadığı geniş savannalı ibtidai dünyanı, eləcə də ətraf mühitin bəşər tarixinə təsiri və insanların inkişafındakı əhəmiyyətini xəyallarında
canlandırmağa sövq edilirlər.

Qobustanda Arxeoloji kəşf
Qobustan haqqında bildiklərimiz petroqliflərin dəqiq araşdırılması, təhlil edilməsi və arxeoloji ekspedisiyalar zamanı alimlərin aşkar etdiyi digər dəlillər əsasında əldə edilib. 1940-cı illərdən bəri müntəzəm olaraq aparılan elmi fəaliyyətin özü də Qobustan tarixinin bir hissəsinə çevrilib.

Zamanda səyahət
İnsanlar ilk dəfə Qobustana gələnə qədər bu ərazinin iqlimi, ətraf mühiti, əhalisi və mədəni inkişafı böyük dəyişiklərə şahid olub. Bu otaq həmin dəyişikliklərin miqyasını nümayiş etdirir. Qonaqlar burda dinozavrlar dövründən etibarən bugünkü Qobustanda və ümumiyyətlə, Azərbaycan tarixində baş verən ən mühüm hadisələri müşahidə edə bilərlər.

Qədim dövr insanlarının həyatı
Qobustan petroqliflərilərini yaradan insanlar burada yalnız təsvirləri qayalara həkk etmək üçün yaşamırdılar. Onlar gecələmək üçün sığınacaqlar tikmiş, ərzaq toplamış, heyvan ovlamış, alət və paltar hazırlamış, uğurlarını qeyd edib, itkilərinə kədərlənmişlər. Daş dövrü insanlarının gündəlik həyat tərzi orijinal artefakt sərgilənməsi ilə, bəzi məqamları isə bədii təsvirlərlə nümayiş etdirilir.

İclas zalı

Konfransların, müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Zal monitor, 2 səsgücləndirici və proyektorla təchiz edilib. Zalın tamaşaçı tutumu 32 nəfərdir.

Səviyyə 0

Qədim dövr incəsənəti

Bu otaq xüsusi olaraq Qobustan petroqliflərinə həsr edilmiş sərginin ikinci hissəsinə giriş rolunu oynayır. İbtidai incəsənəti tamamilə primitiv hesab etmək yanlışdır. Onların yaradıcıları üçün kəsb etdiyi mənaya yaxınlaşmağa çalışmaq daha düzgün olardı. Bu otaqdakı sərgilər ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir.
 

Əsrlərdən gələn petroqliflər

Petroqliflər Qobustan ibtidai irsinin ən əhəmiyyətli hissəsidir. Sayları altı mindən çoxdur, bəzən sıx şəkildə qədim qayaların üstünü örtən vahid ornamenti xatırladırlar. İnteraktiv qurğu vasitəsilə, qonaqlar Qobustanın qayaüstü incəsənətinin təkamülünü öyrənə və onun bəzi mühüm məqamlarını görə bilərlər.
 

Qobustanın Qədim dövr rəssamları

Daş dövrü rəssamını iş başında təsəvvür edək. O tablo rolu oynayan qayanı seçir, bir cüt ağır daş aləti var, bir neçə əyri cizgidən ibarət təsviri yaratmaq saatlarla vaxtını alır. Xəyallarımızda canlanan bu prosesdə müəyyən bir əzəmət var ki, bizi ibtidai incəsənətə heyran olmağa vadar edir.
 

Petroqliflərin mənası

Arxeologiya petroqliflərin mənasını və onların insanların həyatında oynadığı rolu anlamaq üçün bizi müəyyən vasitələrlə təmin etsə də, etiraf etməliyik ki, əlimizdə öz yozum və təxminlərimizdən başqa heç nə yoxdur. Bu otaqda qonaqlar petroqlifləri izah etməyin müxtəlif yollarını öyrənə bilirlər.

Heyvanlar və ovçular

Heyvanlar qədim dövr insanları üçün yalnız qida deyil, həm də dini inanc, özünü eyniləşdirmə və dünya görüşlərinin ən vacib ünsürlərindən idilər. Bu otaqda heyvanlar fərqli şəkildə nümayiş etdirilir. Qonaqlar Qobustanda aparılan qazıntılar zamanı aşkar edilən heyvan sümüklərini nəzərdən keçirə bilərlər. Onlar heyvanları qədim rəssamların yaratdığı təsvirlərdən tanıma qabiliyyətlərini yoxlaya və qədim təsvirlərin canlanmasına şahid ola bilərlər.
 

Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı

Sərgi Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft Kompleksinə ümumi baxışla yekunlaşır. Otağın mərkəzində Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin üç ölçülü xəritəsi var. Siz burada Qobustan təbii mənzərə qoruğunun üzərindən virtual uçuşu əks etdirən 3D videoya da baxa bilərsiniz.
 

Kino zalı

Qobustan, ümumiyyətlə vətənimizin tarixi, mədəniyyəti, qədim dövr insanlarının həyat tərzi, yaşayışı haqqında filmlərin nümayişi üçün nəzərdə tutulub. Filmləri 3D formatında izləmək də mümkündür. Zal 7 səsgücləndirici,  monitor və proyektorla təchiz edilmişdir. Kino zalının tamaşaçı tutumu 45 nəfərdir.