Qobustanın təbii mühiti

Qobustanın təbii mühiti insanların burada yaşadığı minilliklər ərzində əhəmiyyətli dərəcədə dəyişib. İlk petroqliflərin yaradıcısı olan insanların tanıdığı Qobustanla müasir Qobustan arasında kəskin fərqlər var. İlk petroqliflərin yaradıcılarının məskunlaşdığı Qobustanın mühiti indiki yarımsəhra mühitindən çox fərqli idi. Qobustanda baş verən iqlim dəyişikliklərini dəqiq dövrlərə ayırmaq çətindir, bu sahədə hələ də araşdırmalar aparılır. Qobustan dəniz sahilinə yaxın ərazidə yerləşdiyindən buradakı insan məskənlərinin salınması Xəzər dənizinin suyunun səviyyəsində baş verən dəyişikliklərdən çox asılı idi. Buz dövrünün son, ən yüksək Buzlaşma mərhələsində (təqribən 21 000 il əvvəl) Qobustan buzla örtülü deyildi. Xəzər dənizinin su səviyyəsi aşağı idi. Arxeoloji dəlillər göstərir ki, həmin dövrdə Qobustanda ardıc və püstə ağacları yetişirdi. Tuqay və ya sahil qoruyucu meşələr çay və göl kimi təmiz su mənbələri ətrafında formalaşır. Çox güman ki, Qobustan ilk insanlar tərəfindən məskunlaşan zaman artıq belə meşələr mövcud idi. Nar və yabanı gilas ağacları tuqay meşələrində yetişirdi. Qobustanda bu gün də yabanı nar və gilas ağaclarına rast gəlmək mümkündür. Doqquzdon kolu Qobustanın ən qədim sakinlərindəndir. Mezolit dövründə Qobustanda iqlim nəzərə çarpacaq dərəcədə mülayimləşməyə, ətraf mühit isə öz növbəsində dəyişərək savanna və ya düzənlik ekoloji sisteminin inkişafına şərait yaratdı. Görünür, savanna bir müddət tuqay meşələri ilə yanaşı mövcud olub. Güman ki, Qobustandakı savanna Afrikanın böyük düzənlikləri kimi deyildi. Gərək ki, burada qarışıq meşə tipli savanna əraziləri yayılmışdı. Ot savannanın əsas bitki örtüyü idi. Eneolit dövrü ərzində iqlim daha da mülayimləşməyə başlamış, Qobustanda yenə meşələr yaranmışdı. Həmin meşələrdə palıd və şam ağacları da yetişirdi. Tunc və Dəmir dövrlərində iqlim yenidən quraqlıqlaşmağa başlayır. Qobustanda quru-çöl və yarımsəhra ekoloji sistemi inkişaf edir. Bu prosesə Xəzər dənizinin duzluluğunun və onun ətrafındakı torpaq ərazidə şorluğun artması səbəb olmuşdu. Yarımsəhra bu gün də Qobustan üçün səciyyəvi iqlimdir.

Video

Qobustanın təbii mühiti
Qobustanın təbii mühiti