
Qobustan: “UNESCO”nun Ümumdünya Mədəni İrsi
UNESCO Dünya İrsi Siyahısı ən dəyərli təbii landşaftları qorumağa və planetimizin mədəni sahələrini gələcək nəsillərə ötürməyə yönəlmiş beynəlxalq səylərin tərkib hissəsidir. Bu otaq Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir. Otağın divarlarında dünyanın bir sıra ölkələrində aşkar edilmiş qayaüstü rəsmlərdən nümunələr vardır. Buradakı böyük qlobusda dünyanın bir sıra ölkələrindəki UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil olmuş qayaüstü təsvirlər haqqında kiçik monitorlardan məlumat almaq mümkündür.
Qobustan qədim qayaüstü incəsənətinin unikal abidəsidir. Bu ərazi azı son 15 000 il ərzində daimi insan məskəni olmuşdur və burada Üst Paleolit dövründən tutmuş Orta əsrlərə qədər bəşər tarixinin bütün əsas dövrlərinə aid petroqliflər təmsil olunur. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrsi Sahəsi statusunu aldı. İbtidai insanlar Qobustanda yaşadıqları müddət ərzində qayalar üzərinə həkk olunmuş 6000-dən çox rəsm yaratmışlar. Qobustan petroqlifləri professor İ. M. Cəfərzadə tərəfindən 1930-cu illərdə kəşf edilmişdir. Azərbaycan alimlərinin və digər ziyalıların fəal dəstəyindən sonra, 1966-cı ildə Qobustan Qoruğu təsis edildi. 4500 hektardan artıq sahə mühafizə edilən əraziyə çevrildi.
Azərbaycanda dünya əhəmiyyətli petroqlif sahəsinin olması təsadüfi deyil, çünki bu ərazi ibtidai insanların əsas köç marşrutlarının və mühüm mədəniyyət mərkəzlərinin yaxınlığında yerləşir. Azıx mağarası, şübhəsiz ki, Azərbaycandakı ən mühüm arxeoloji tapıntılardan biridir. Təqribən 1,5 milyon il əvvəl ilk insanlar və ya hominidlər (Homo erectus) bu ərazidə məskunlaşıblar, bu isə alimlərə məlum olan ən qədim hominid məskənlərindən biridir. Təqribən 400 000-300 000 il əvvəl Azərbaycanda azıxantroplar məskunlaşıb, 1968-ci ildə Azıx mağarasında 20 yaşlı Azıxantrop qadının çənə sümüyünün bir hissəsi aşkar edilib. Orta paleolit dövründə (təqribən 100 000 – 40 000 il əvvəl) Azərbaycanda Neandertallar (Homo neanderthalensis) məskunlaşıb. Azıx, Tağlar, Daşsalahlı və Buzeyir mağaraları arxeoloqlar tərəfindən Neandertal insanın izlərinin aşkar edildiyi yerlərdən yalnız bir neçəsidir. Müasir insanlar (Homo sapiens sapiens) təqribən 40 000 il əvvəl gəlib Azərbaycan ərazisinə çatıblar. Onların yaratdığı daş alətlər və onların Azərbaycanda yaşadığını sübut edən başqa dəlillər Qobustan da daxil olmaqla, Tağlar, Damcılı, Zar və digər yerlərdə aşkar edilib. Azərbaycanın digər ərazilərində də qayaüstü təsvirlərə mövcuddur. Bakı şəhərinin yerləşdiyi Abşeron yarımadasında bir neçə petroqlif sahəsi var. Buradakı ən qədim oymalar tunc dövründə yaradılıb. Gəmiqaya dağında uzun müddət əvvəl əsas sıldırım qayadan qopan qayaların üzərində ibtidai insanlar minlərlə petroqliflər həkk ediblər. Onlardan ən qədimləri neolit dövrünə aiddir. Kəlbəcər ərazisi əsasən vulkanik yayladır. Həmin ərazidə 4000-dən çox rəsm aşkar edilib. Alimlər onları Tunc dövrünə aid edirlər.