Petroqliflərin mənası

Petroqliflərin mənası sirr olaraq qalmağa məhkumdur çünki, müasir insanların ibtidai insanların şüur və dünyagörüşünə nüfuz etmək imkanı yoxdur. Arxeologiya petroqliflərin mənasını və onların insanların həyatında oynadığı rolu anlamaq üçün bizi müəyyən vasitələrlə təmin etsə də, etiraf etməliyik ki, əlimizdə öz yozum və təxminlərimizdən başqa heç nə yoxdur. Bu otaqda qonaqlar petroqlifləri izah etməyin müxtəlif yollarını öyrənə və qədim qayaüstü təsvirlərin sehrinə düşə bilirlər.

İbtidai insanların həyatının necə olduğunu heç kim dəqiq bilmir. Alimlər tez-tez müasir tayfa birlikləri ilə analoqlar aparır və ibtidai insanların təxminən Cənubi Amerika və ya Papua Yeni Qvineya xalqlarının ənənəvi mədəniyyətinə oxşar şəraitdə yaşadıqlarına inanırlar. Lakin hər hansı bir mədəniyyətin, həmçinin ənənəvi mədəniyyətin də beş, on və ya iyirmi min il ərzində dəyişməmək ehtimalı olduqca aşağıdır. Məlumat azlığına baxmayaraq, şəhər, maşın, soyuducu, saat, kitab, müasir elm və ya dini təşkilatların olmadığı bir dünyada həyatın necə yaşandığını təsəvvür etməyə çalışın. İbtidai insanlar nəyə inanırdılar? Uğurlarını necə qeyd edir, və itkilərinə necə kədərlənirdilər? Daş alətlər kimi artefaktlar da öz yaradıcılarını min illər boyunca yaşatsa da, ibtidai insanların inancları haqqında eyni sözləri demək olmaz – onları yalnız dolayı dəlillərlə təsəvvür etməyə çalışa bilərik. Azı 100 000 il yaşı olan dəfn təcrübəsi insan inancının və rəmzi təfəkkürün ən qədim dəlillərindəndir.Təlqinə əsaslanan ovsunçuluq insanların təsir etmək istədikləri canlı varlıqları, əşyaları və ya prosesləri təqlid edərək dünyaya təsir etmək cəhdidir. İbtidai mədəniyyətlərdə təsvir edilən heyvanların mənası haqqında ən geniş yayılmış nəzəriyyələrdən biri onların yemək üçün ovlanan heyvanların əvəzinə çəkilməsidir. Qobustandakı bəzi petroqliflərdəkı nişanların ov qabağı ritual zamanı qoyulduğu güman edilir. Bir sıra Qobustan petroqliflərində bir və ya iki insan cərgəsi, bəzən də qolları birləşdirilmiş şəkildə təsvir edilir. Həmin petroqliflər neolit və eneolit dövrlərində yaradılıb. Ola bilər ki, həmin rəsmlərdə rəqs təsvir edilib. Azərbaycanın ənənəvi rəqsi yallıya oxşarlığı isə xüsusilə qeyd edilməlidir. Rəqs - bəşər mədəniyyətinin çoxsaylı ritual və sosial mənaları olan ümumi xüsusiyyətlərindən biridir. 


İnsanlar Böyükdaş dağını hələ də toy mərasiminin bir hissəsi kimi ziyarət edirlər.

 

Video

Petroqliflərin mənası
Petroqliflərin mənası

Şəkil qalereyası