Əsrlərdən gələn petroqliflər

Qobustan qoruğu ərazisində 6300-dən çox petroqlif aşkar olunmuşdur ki, onların hamısını qısa müddət ərzində görmək mümkün deyildir. Qonaqlarda Qobustan qayaüstü incəsənəti haqqında bitgin fikir formalaşdırmaq üçün “Əsrlərdən gələn petroqliflər” zalında petroqliflər xronoloji çərçivəyə və mövzularına görə qruplaşdırılmış şəkildə nümayiş olunur. “Əsrlərdən gələn petroqliflər” zalında qonaqlar interaktiv qurğu vasitəsilə Qobustan qayaüstü incəsənətinin təkamülünü öyrənə və onun bəzi mühüm məqamlarını görə bilərlər. Yarıqaranlıq otaqda “touch screen” monitor üzərindəki tarixi dövrlərdən birini seçdikdə otağın divarlarında əks olunmuş həmin dövrə aid petroqliflər işıqlanır və monitorda həmin dövrün petroqliflərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mətn və fotolar peyda olur.
 

Bu gün Qobustan petroqliflərinin min illər ərzində burada yaşamış insanlar tərəfindən müxtəlif zamanlarda yaradılması faktını nəzərdən qaçırmaq asandır. İnteraktiv qurğu vasitəsilə, Qobustanın qayaüstü incəsənətinin təkamülünü öyrənmək olar. Petroqliflərin yaranmasının dəqiq tarixini müəyyən etmək çox çətindir. Arxeoloqlar şəkillərin mövzu və üslubunu, eləcə də yaranma üsullarını və onların yaxınlığında aşkar edilən artefaktları təhlil edirlər. Bütün bu ipucları toplanaraq, müxtəlif dövrlərdən olan petroqliflər arasında əsas fərqləri müəyyən etməyə kömək edirlər.
Üst paleolit. Qobustanda bu dövrün ən səciyyəvi petroqlifləri öküz-turlar və sxematik qadın təsvirləridir.
Mezolit. Bu dövr üçün ovçu təsvirləri çox səciyyəvidir, ən qədim qayıq təsvirləri də bu dövrdə meydana gəlmişdir.
Neolit. Qobustanın kollektiv rəqs edən insanların təsvir edildiyi məşhur petroqlifləri neolit dövründə yaradılıb.
Eneolit. Qobustanda ilk bezoar keçisi təsvirləri neolit dövründən yaranmağa başlamış və Tunc dövrünə qədər ibtidai rəssamlar tərəfindən təsvir edilmişdir. Ancaq eneolit həmin şəkillərin ən mükəmməl təsvir edildiyi dövrdür.
Tunc dövrü. Qobustan petroqlifləri içərisində mənası alimlər tərəfindən anlaşılmayan işarələr ilk dəfə Tunc dövründə meydana gəldi, lakin insanlar bu işarələri sonrakı dövrlərdə də qayalara həkk etməyə davam etdilər.
Dəmir dövrü. Dinamik ov səhnələri Dəmir dövrü və erkən orta əsrlərin əvvəllərində yaradıldı.
Orta əsrlər. Qobustan qayalarında Azərbaycanın yaxın keçmişi haqqında da dəlillər var. İnsanlar 20-ci əsrədək həmin qayalara təsvirlər həkk ediblər. Əlbəttə, oyulan bu təsvirlərin əksəriyyəti müxtəlif yazılardır və ibtidai dövrün böyük diqqətlə işlənmiş petroqlifləri ilə müqayisə edilə bilməzlər.

Video

Əsrlərdən gələn petroqliflər
Əsrlərdən gələn petroqliflər