
Qədim dövr incəsənəti
Bu otaq xüsusi olaraq Qobustan petroqliflərinə həsr edilmiş sərginin ikinci hissəsinə giriş rolunu oynayır. İbtidai incəsənəti tamamilə primitiv hesab etmək yanlışdır. Onların yaradıcıları üçün kəsb etdiyi mənaya yaxınlaşmağa çalışmaq daha düzgün olardı. Alimlərin qadın fiquru hesab etdiyi daş artefakt isə xüsusi maraq doğurur.
Qadın fiquru. C. Rüstəmov tərəfindən Böyükdaş dağının yuxarı terrasında, 2,3 m dərinlikdə aşkar edilmiş daş artefakt. Bu artefakt əhəngdaşından hazırlanmışdır və mezolit dövrünə aid edilir. Cizgiləri aydın olmasa da, fiqurda həmin ərazidə aşkar edilən digər mezolit dövrü heykəl nümunələri ilə oxşarlıqlar var. İbtidai insan fiqurları, Çexiya Respublikasında, Moraviyadakı Dolni Vestonitsedən aşkar edilən fiqurlar kimi son dərəcə sxematik və minimalist ola bilər. Daş dövrü qadınını təsvir edən fiqurların və ya arxeoloqlar arasında “Veneralar” adı ilə tanınan fiqurların mənası və şərhi müəyyən dərəcədə müəmmalıdır. Ən geniş yayılmış fərziyyələrdən biri hansısa bir qadının və ya bütün tayfanın bolluq və güzəranını təmin etmək üçün həmin heykəlciklərdən sehirli həmayil kimi istifadə edilməsidir. Petroqliflərdəki erkən qadın fiqurları və heykəlcikləri real təsvir edilməyib. Qadınlar simvolik şəkildə təqdim edilir, güman ki onlar bəzi ritual və dini məna daşıyırdılar. Qobustan petroqliflərində ən qədim qadın təsvirləri başsız olsa da, sinələri, belləri, budları və ayaqları xüsusi nəzərə çarpır. Arxeoloqlara görə həmin heykəllərdə ümumi “qabarıqlıq” və sinənin həddindən artıq böyüdülməsi bu təsvirlərin bolluq haqqındakı inancla əlaqədar olduğunu göstərir.
Əksər ənənəvi mədəniyyətlərdə insanlar bədənlərini bəzəyirlər və petroqliflər Qobustanın qədim sakinlərinin istisna təşkil etmədiyini göstərir. İbtidai insanlar zərif zinət əşyaları hazırlamaq üçün heyvan sümükləri, balıqqulaqları, daş və daha sonrakı mərhələlərdə metaldan istifadə etmişlər. Onlar bədənlərini həmçinin təbiətdə tapdıqları əşyalarla (quş lələkləri, heyvan dəriləri, bitki toxumları və çiçəkləri) bəzəyirdilər.