
Zamanda səyahət
İnsanlar ilk dəfə Qobustana gələnə qədər bu ərazinin iqlimi, ətraf mühiti, əhalisi və mədəni inkişaftı böyük dəyişiklərə şahid olub. Bu otaq həmin dəyişikliklərin miqyasını nümayiş etdirir. Burada dinozavrlar dövründən etibarən bugünkü Qobustanda və ümumiyyətlə, Azərbaycan tarixində baş verən ən mühüm hadisələri müşahidə etmək olar. Otaqda Qobustanda aparılan arxeoloji ekspedisiyalar zamanı aşkar edilən orijinal tapıntılar əsasında bir neçə sərgi nümayiş etdirilir.
Azərbaycan ərazisində ixtiozavr qalıqları aşkar edilib. İxtiozavrlar dinozavr olsalar da müasir delfinlərə oxşayırdılar. Bu heyvanların nəsli 90 milyon il bundan əvvəl kəsilib.
Monitorda palçıq vulkanının sxemi 3d formatında nümayiş etdirilir. Azərbaycan dünyada palçıq vulkanlarının çoxluğuna görə tanınır. Onlardan bəziləri Qobustan ərazisində yerləşir.
Müasir insanların Azərbaycan ərazisinə təxminən 40 000 il əvvəl gəlib çatdığı güman olunur. Azərbaycan insanların Afrikadan Avrasiyaya köç edən əcdadlarının və ibtidai insanların ehtimal edilən marşrutları yaxınlığında yerləşir. Afrikanı tərk edən ilk hominid Homo erectus olmuşdur, onların təxminən 1,8 milyon il əvvəl, Azərbaycanda olduğunu təsdiq edən ilk tapıntının yaşının 1,5-1,3 milyon il olduğu göstərilir. Azıx mağarasında aşkar edilən bu tapıntılar bu yerlərin 400 000 il əvvəl Azıxantrop, 65 000 il əvvəl isə Neandertal (Homo neanderthalensis) insan tərəfindən məskunlaşdığını göstərir.
Azərbaycan ərazisində, od azı 700 000 il əvvəl ibtidai insan tərəfindən istifadə edilmiş və qoruyub saxlanılmışdır.
Üst paleolit ( 40 000-15 000 il əvvəl). Üst paleolit həmişə bəşər tarixinin ən vacib mərhələsi hesab edilib. Bu dövr ibtidai incəsənətin inkişaf dövrüdür. İbtidai incəsənət insanlarda simvolik düşüncənin inkişaf etdiyinə dair ən vacib sübutdur. Qobustan landşaftının səciyyəvi süxurları və qaya parçaları zəlzələlər nəticəsində yaranıb. Üst paleolit dövründə vəhşi atlar və vəhşi uzunqulaqlar Qobustan ovçularının ən sevimli ov heyvanları olub.
Qobustanda aşkar edilən artefaktlar 3 Daş dövrü mərhələsinə aiddir.
Mezolit (e.ə. XIII-VIII minilliklər). Ox və kaman mezolit dövrünün ən vacib texniki kəşflərindən biri idi, bu alət ovçulara uzaq məsafədən ov heyvanlarını öldürməyə imkan verirdi.
Neolit (e.ə. VII-VI minilliklər). Qobustanın bəzi ibtidai petroqliflərində qədim Azərbaycan rəqsi Yallını xatırladan bir ayini icra edən insanlar təsvir edilir. Ola bilər ki, həmin rəqs ovdan əvvəl uğur qazanmaq məqsədilə edilirdi.
Bu gün Daş dövrü icmalarının sosial strukturunu müəyyən etmək çətindir. Müasir alimlər sosial inkişafın matriarxat və patriarxat mərhələlərini kəskin fərqləndirməyin mümkün olduğuna şübhə ilə yanaşırlar. Bununla belə, bəzi dövrlərdə qadın təsvirlərinin rəmzi məna daşıdığı və bəzi cəmiyyətlərdə qadınların vacib sosial statusa malik olduğu açıq-aydın görünür.
Tunc dövrü (e.ə. IV-II minilliklər). Dulusçu çarxı e.ə. IV minillikdə və ya daha əvvəl Mesopatomiyada ixtira edilib. Təkərin daşınma məqsədilə istifadəsi, güman ki, bundan bir neçə əsr əvvələ təsadüf edirdi.
Mis və tunc gündəlik tələbat üçün istifadə edilən ilk metallar olub. Azərbaycan mis mədənləri ilə zəngin idi və e.ə. IV minilliyin ortalarında ilk metallurgiya mərkəzlərindən birinə çevrildi. E.ə. XIII əsrdə Azərbaycanda Dəmir dövrü başlayır.
Azərbaycan Roma işğallarının sərhədində yerləşirdi. Roma ordusu bu əraziyə bir neçə dəfə gəlib – bəzən düşmən, bəzən də müttəfiq kimi. 84 və 96-cı illər arasında 12-ci legionun zabitlərindən biri Qobustanda aşağıdakı məşhur yazını yazıb: “İmperator Sezar Domitsian Avqust Germainiusun hakimiyyəti dövründə, 12-ci İldırımsürətli Legiondan Luço Yuli Maksimus (senturion) ”