XƏBƏRLƏR

2018-10-13

Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin prezidenti Qobustan qoruğunda olub

Oktyabrın 12-də Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Baş Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.

Qonağı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müşayiət edib.

Qonaqlar əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar. Məlumat verilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd olunub ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.







2018-10-03

Qobustan Milli Tarix-Bədii Qoruğuna yeni direktor təyin olunub

Qobustan Milli Tarix-Bədii Qoruğuna yeni direktor təyinatı olub. Oktyabrın 1-də yeni direktor Vüqar İsayev qoruğun kollektivinə təqdim edildi.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan qoruğunun Azərbaycan tarixindəki mövqeyi, ölkəmizin qədim yaşayış məskəni kimi təbliğ olunmasında əhəmiyyətindən danışdı. Bildirdi ki, qədim tarixi özündə əks etdirən qoruq hər zaman həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların diqqət mərkəzindədir. Ona görə də Qobustan qoruğu öz fəaliyyətini daha da gücləndirilməlidir: “Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irsi siyahısına salınıb. 2011-ci ildə burada müasir muzey binası inşa olunub. İndi qarşımızda duran əsas məsələ bu qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, turistlərə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsidir”.

Zakir Sultanov vurğuladı ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarix-Bədii Qoruğunda direktor təyin olunub. Bildirildi ki, bundan əvvəl də Mədəniyyət Nazirliyi sistemində çalışan V.İsayev Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxış edərək nazirliyin strukturunda aparılan islahatlardan danışdı. Bildirdi ki, həyata keçirilən islahatlar nəticəsində nazirliyin tabeliyində olan qoruqlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib: “Ölkəmizdə tarixi, mədəni baxımdan zəngin qoruqlar var. Hazırda qoruqların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində islahatlar aparılır”.

Rafiq Bayramov bildirdi ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyəti nazirlik tərəfindən diqqətdə saxlanılır. Qoruq ölkəmizə gələn xarici qonaqların həmişə marağında olduğu nəzərə alınaraq burada xidmət səviyyəsi daha da artırılmalıdır.

Yeni təyin edilən direktorun qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələcəyinə ümidvar olduğunu vurğulayan nazir müavini Vüqar İsayevi kollektivə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Sonda çıxış edən Vüqar İsayev ona göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirdi, qarşıya qoyulan vəzifələrin icrası üçün çalışacağını diqqətə çatdırdı.







2018-06-07

Qobustanda "Tanıyıb Tanıtmağa Borcluyuq" adlı layihə həyata keçirilmişdir

7 iyun 2018 ci il tarixdə Qobustan Milli Tarix Bədii qoruğuna Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyinin təşkilatçılığı ilə "Tanıyıb Tanıtmağa Borcluyuq" adlı - aztəminatlı gənclərin milli-mədəni ekskursiya turları təşkil olunmuşdur.



2018-06-07

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 06.06.2018-ci il tarixində Qobustan Milli tarix bədii qoruğunu ziyarət etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 06.06.2018-ci il tarixində Qobustan Milli tarix bədii qoruğunu ziyarət etmişdir.



2018-05-10

“AC Delco” Şirkətinin nümayəndələri Qobustan qoruğunu ziyarət etmişdir

08.05.2018-ci il tarixində “General Motors”-un Yaxın Şərq ölkələri üzrə podratçı şirkəti “AC Delco”-nun nümayəndələri Qobustan qoruğunu ziyarət etmişdir. 120 nəfərlik qrupun tərkibində şirkətin Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ-dən olan nümayəndələri təmsil olunmuşdur.






2018-03-27

Qobustan Milli Tarix Bədii qoruğunda Novruz bayramı münasibətilə tədbir təşkil edilmişdir.

Mart ayının 19 - da Qobustan Milli Tarix Bədii qoruğunda Novruz bayramı münasibətilə tədbir təşkil edilmişdir.
Həmin gün qoruğu turistlərin daha çox ziyarət edəcəyi proqnozlaşdırıldığından yeni yaradılmış “Mini Qobustan” interaktiv turunun təqdimatı da məhz bugün həyata keçirildi.
Belə ki, yerli və xarici turistlər 4 azn -ə bilet almaqla bu interaktiv tura qoşula bilərlər. Tura keramika hazırlamaq, pul zərbi, face – art daxildir. Həmçinin iştirakçılar milli mətbəximizin ləziz nümunələrindən olan qutab və su ilə təmin olunur. Tur elə ilk gündən turistlərin böyük marağına səbəb oldu. Muzeyin həyətində təşkil olunmuş şirniyyat süfrəsi, muğam triosunun və aşığın canlı ifaları şənliyi daha da rəngarəng etdi. Milli paltarlar geyinmiş muzey əməkdaşları turistlərə Novruz bayramı, onun adət-ənənələri haqqında məlumatlar verdilər. Xüsusilə xarici ziyarətçilərin milli musiqimizin sədaları altında rəqs etmələri, yumurta döyüşdürmələri bayramı daha da yadda qalan etdi.































2018-03-11

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda “Od çərşənbəsi”nə həsr olunmuş bayram tədbiri keçirildi

6 mart 2018-ci il tarixində “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Novruz bayramı öncəsi çərşənbələrin ikincisi sayılan “Od çərşənbəsi”nə həsr olunmuş bayram şənliyi keçirilmişdir.
Bahar bayramı Novruza və “Od çərşənbəsi”nə həsr olunmuş şənlikdə milli rəqslər və mahnılar səslənmiş, eyni zamanda nağara, qarmon və saz ifaçıları öz çıxışları ilə tamaşaçıların zövqünü oxşamışlar.
Tədbir zamanı qoruğa Rusiya, Qazaxıstan, Ukrayna, Qətər, İran, İraq, Səudiyyə Ərəbistanı və başqa ölkələrdən gəlmiş turistlər də bu el şənliyinə qatılmış, birlikdə iştirakçılar ilə rəqs etmişlər.
Abşeron rayonu Məmmədli və Digah kənd sakinlərinin və qonaqların iştirak etdiyi təntənəli tədbirdə milli adət-ənənəmizə uyğun olaraq qonaqlara və turistlərə xonçalarda milli Novruz şirniyyatları paylanmış, çay süfrələri təşkil edilmişdir.
Şənlikdə təxminən 1000-ə yaxın qonaq iştirak etmişdir.





2018-03-07

Novruz bayramı ilə bağlı tədbir keçirəcək tarix-mədəniyyət qoruqları

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan, Novruz bayramı ilə bağlı tədbir keçirəcək tarix-mədəniyyət qoruqlarının siyahısını təqdim edirik:

13 mart saat 11:00-da

“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu

13 mart saat 16:00-da

İsmayıllı rayonu "Lahıc" tarix-mədəniyyət qoruğu

16 mart 11:00-da

Hacıqabul rayonu “Pir Hüseyn xanəgahı” tarix-memarlıq qoruğu

16 mart saat 11:00-da

Şabran rayonu “Şabran şəhəri” tarixi qoruğu

18 mart  saat 10:00-da

Şəki rayonu Kiş tarixi-memarlıq  qoruğu

19 mart  saat 12:00-da

Qobustan Milli tarix-bədii qoruğu

20 mart saat 11:00-da

“Nardaran” tarix-mədəniyyət qoruğu

20 mart saat 10:00-da

Zaqatala tarix-mədəniyyət qoruğu

20 mart 16:00-da, 21, 22, 23 mart (Gün ərzində)

Şəki rayonu “Yuxarı Baş” Dövlət tarix-memarlıq  qoruğu

2018-03-05

Qobustan qoruğunda yaşıllaşdırma işləri davam etdirilir

Yaz mövsümünün yaxınlaşması ilə əlaqədar Qobustan Milli tarix bədii qoruğunda artıq ənənə halını almış ağacəkmə kampaniyasına start verilmişdir. Bu il ilkin mərhələdə muzeyin ətrafındakı yaşıllıq zonasında və Böyükdaş dağının yuxarı səki marşrutu ətrafında 500 ədəd müxtəlif meyvə və dekorativ ağacları, gül kolları əkilmişdir.

2017-12-07

Kamança hazırlanması və ifaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan və İranın mədəniyyət nümunəsi kimi daxil edilmişdir

2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar 7 dekabr tarixində elan edilmişdir.
Qeyd etmək lazımdır ki, sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilmşdir.
Azərbaycan Nümayəndə Heyəti adından çıxış edən ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov Kamança sənətinin Azərbaycan mədəniyyətində mərkəzi rollardan birini oynadığını qeyd etdi. Bu sənət növünün ölkəmizin sərhədlərindən daha geniş çoğrafiyanın əhatə etdiyini yüzilliklər boyu nəsillərdən nəsilə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırdı və nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə İran tərəfinə minnətdarlığını bildirdi. O, eyni zamanda Azərbaycan Hökuməti adından YUNESKO Qiymətləndirmə Orqanına və Komitəyə xalqımızın mədəni dəyəri olan bu sənət nümunəsinin dəstəklədiklərinə görə təşəkkürünü bildirdi.
Komitə iclasında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qərarın nəticəsini şərh edərək bildirdi ki, YUNESKO tərəfindən kamançanın həm ifaçılığının, həm də hazırlanmasının Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya qəbul edilməsi Azərbaycanda kreativ sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətlə məşğul olan insanların rifahına müsbət təsir göstərəcəkdir. O həmçinin, bu faylın İranla birgə verilməsinin Azərbaycan dövlətinin mədəniyyətinin paylaşma ruhuna uyğun siyasətinin və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu qeyd etdi.
YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan AR-nın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda Kamança hazırlanması və ifaçılıq sənətindən başqa Dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsında yer alır.

2017-12-07

Dolma hazırlama və paylaşma ənənəsi YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan ənənəsi kimi daxil edilmişdir

2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar 6 dekabr tarixində elan edilmişdir.

Qeyd etmək lazımdır ki, sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilmişdir.

Qiymətləndirici Orqanın müsbət rəyinə baxmayaraq müzakirələr zamanı Ermənistan tərəfi Komitə üzvlüyünü öz təxribatçı məqsədləri üçün istifadə edərək fayla qarşı çıxış etmişdir. Lakin Azərbaycan Nümayəndə Heyətinin səyləri və Komitənin digər üzvlərinin konstruktiv mövqeyi nəticəsində fayla heç bir müdaxilə edilməmişdir.

Azərbaycan Nümayəndə Heyəti adından çıxış edən ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Anar Kərimov Azərbaycan xalqının qonaqpərvərlik, dostluq, mehribanlıq mədəniyyətinin əsas simvollarından biri olan Dolmanın bişirilmə və paylaşma ənənəsinin ölkəmizin sərhədlərindən daha geniş çoğrafiyanın əhatə etdiyini yüzilliklər boyu nəsillərdən nəsilə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırdı. Azərbaycan Hökuməti adından YUNESKO Qiymətləndirmə Orqanına və Komitəyə xalqımızın mədəni dəyəri olan bu mətbəx nümunəsinin dəstəklədiklərinə görə təşəkkürünü bildirdi.

Səfir həmçinin Ermənistanın həmişə olduğu kimi bu dəfə də Komitədəki üzvlüyündən sui-istifadə edərək öz çirkin siyasi oyununu aparmaqda və əsassız iddialarını irəli sürməkdə davam etdirdiyini, işğalçılıq siyasətini mədəniyyət sahəsində də tətbiq etdiyini qeyd etdi. Buna baxmayaraq səfir Komitə tərəfindən bu nomunasiya üzrə ədalətli qərarın qəbul edildiyini alqışladı. Həmçinin nominasiyada ölkəmizin Qarabağ bölgəsinə istinadlara dair Ermənistan tərəfinin əsassız etirazlarına cavab olaraq səfir Anar Kərimov qəti şəkildə vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü heç bir beynəlxalq platformalarda, o cümlədən YUNESKO çərçivəsində sual altına qoyula bilməz və o, bu xüsusda BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı məlum dörd qətnaməsini qeyd etmişdir. Bu səbəbdən nominasiyada Azərbaycan Respublikasının Qarabağ bölgəsinə istinadların heç kimdə sual doğurmamalı olduğu xüsusilə vurğulanmışdır.

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan AR-nın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda Dolma hazırlama və paylaşma ənənəsindən başqa Azərbaycan Muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Aşıq sənəti, Novruz bayramı, Xalça sənəti, Tar ifaçılığı, Kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsında yer alır.

2017-09-28

Qobustanda 27 sentyabr - Ümumdünya Turizm Günü

Ənənəvi olaraq bu il də Turizm Günündə Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü keçirilmiş və sərgi təşkil olunmuşdur. Qoruğun rəssamları milli və Qobustan qayaüstü təsvirli ornamentlərdən ibarət müxtəlif əl işlərini sərgiləməklə yanaşı buranı ziyarət edən turistlər üçün master-klasslar da təşkil etmişlər. Bu master-klasslarda turistlər böyük maraqla iştirak etmişlər.





2017-09-26

27 sentyabr - Ümumdünya Turizm Günü

1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərənTurizm təşkilatı 1970-ci il 27 sentyabr tarixindən Ümumdünya Turizm Təşkilatı kimi formalaşmışdır. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis etmişdir.

Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. Bu günün əhəmiyyətinin ictimaiyyətə çatdırılması və təbliği məqsədilə, hər il 27 sentyabr tarixində turistlərin ən çox maraq göstərdiyi və ziyarət olunan tarix-mədəniyyət qoruqlarında “Açıq qapı” günü elan edilir.

Ənənəvi olaraq bu il də Turizm Günündə tarix-mədəniyyət qoruqlarında Açıq Qapı günləri keçiriləcək, həmin gün müxtəlif sərgi və tədbirlər təşkil olunacaq.

2017-06-17

Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illik yubileyi qeyd edilmişdir

Qobustan Milli tarix-bədii qoruğunun yaradılmasının 50 illik yubileyi  və YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyi tamam olur. Bu əlamətdar günlərin qeyd edilməsi çərçivəsində yerli və beynəlxalq ekspert və alimlərin iştirakı ilə 13-14 iyun tarixlərində “Qobustan – Mədəniyyətlərin qovşağında qayaüstü İncəsənət” adlı Beynəlxalq  konfrans keçirilmişdir.

Rəsmi açılış mərasimi 13 iyun saat 10.00-da “Rəsmi Qəbullar Sarayı”nda (Səadət Sarayı) baş tutan konfransda  Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi və beynəlxalq elmi-əməkdaşlıq çərçivəsində Qobustan qoruğunun əməkdaşları tərəfindən apardığı sahəvi tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin   təqdimatı həyata keçirilmişdir. Layihəyə əsasən ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunmuş və yeni qayaüstü təsvirlər aşkar olunmuşdur. Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açmışdır.

Həmin gün, Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Qaradağ İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan  Milli tarix-bədii qoruğunda təntənəli  yubiley tədbiri keçirilmişdir. 

Azərbaycan insan yaranandan bu   günədək bəşər tarixinin bütün dövrlərinə aid tarixi-arxeoloji abidələrlə zəngin bir  ölkədir. Qobustan – insanın ilk yaranma ocaqlarından biridir.  

İlk dəfə olaraq 1939-cu ilin baharında görkəmli arxeoloq İshaq Cəfərzadə Cingirdağ-Yazılıtəpə ərazisində qayaüstü təsvirləri qeydə almış və bununla da Azərbaycan tarixində, mədəniyyətində əvəzsiz yeri olan Qobustan abidələri elm aləminə təqdim olunmuşdur.

XX əsrin 60-ci illərindən İ.Cəfərzadənin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova tərəfindən uğurla davam etdirilmişdir.  Keçən bu müddət ərzində Qobustan təkcə yerli alimlərin deyil, həmçinin xarici arxeoloqların, elm adamlarının daim görmək və tədqiqatlarında iştirak etmək istədiyləri qayaüstü təsvir mərkəzlərindən birinə çevrilmişdir.

Üst paleolitdən (qədim daş dövrü) Son Orta Əsrlərədək olan dövrü əhatə edən Qobustan qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjet orijinallığı və müəyyən bədii ustalığı ilə seçilir. Qayalarda kişi və qadın, vəhşi öküz, keçi, maral, şir, vəhşi ceyran, at, it, canavar, donuz təsvirlərinə rast gəlmək olar. Həmçinin, atlı və piyada ov səhnələri, döyüş səhnələri, kollektiv əmək səhnələri, qurban kəsmə, biçin səhnələri qeydə alınmışdır. Müasir Azərbaycan xalq rəqsi olan «Yallı»nı xatırladan tək və qrup halında mərasim rəqslərinə təsadüf olunur.

Bundan əlavə, ərazidə Azərbaycanın orta əsrlər tarixinin müxtəlif dövrlərinə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılar və I əsrin sonunda XII  ildırımsürətli Roma legionunun burada olmasını təsdiq edən qədim Roma yazısı vardır.

Cingirdağın şimal-şərq ətəyində yerləşən və «Qavaldaş» adlanan daş çox böyük maraq kəsb edir. Ehtimal olunur ki, bu səsli daşdan mərasim rəqslərinin yerinə yetirilməsində primitiv zərb musiqi aləti kimi istifadə olunurdu.

Qobustan qaya rəsmlərinin, mədəni landşaftının qorunması, tədqiqi və təbliği məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 503 nömrəli 09 sentyabr 1966-cı il tarixli Qərarı ilə Qobustan Dövlət tarix-bədii qoruğu yaradılmış və 1967-ci ildən fəaliyyətə başlamışdır.











































2017-06-16

Qobustan Milli Tarix-Bədii Qoruğunun vebsaytı NETTY2017 mükafatının qalibi olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «NETTY» Azərbaycan Milli İnternet Mükafatı 13-cü dəfə qaliblərinə təqdim olunub.  «Park İnn» otelinin «Dan Ulduzu» zalında baş tutan təntənəli mükafatlandırma mərasimində ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, artıq 10 ildən artıq bir müddətdir ki, «NETTY» Milli İnternet Mükafatı uğurla keçirilir.

Builki nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsinin həyata keçirildiyi bildirilib.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar («Azərbaycan», «Dövlət saytı»,  «Elm və təhsil», «Mədəniyyət və incəsənət», «Cəmiyyət», «İnformasiya və xəbərlər», «Servis sayt»,  «Korporativ sayt», «Elektron Kommersiya sahəsində ən yaxşı sayt» «İdman», «Şəxsi sayt», «Virtual münsiflər heyətinin seçimi») üzrə Azərbaycanda ən yaxşı saytlar seçilir.

Ekspert şurası və virtual münsiflər heyətinin səsverməsinə əsasən «Mədəniyyət və incəsənət» nominasiyasında – Qobustan Milli Tarix-Bədii Qoruğunun vebsaytı  ( gobustan-rockart.az ) NETTY2017 mükafatına layiq görülmüşdür.

 



2017-05-15

Avropa Şurası Mədəni Marşrutlar İnstitutunun nümayəndəsi Qobustan qoruğunu ziyarət etmişdir

7 may 2017-ci il tarixində “Prehistoric Rock Art Trails” (PRAT-CARP) Avropa mədəni marşrutunun koordinatoru və paleolit dövrü qayaüstü incəsənəti mütəxəssisi Ramon Montes Barquin Qobustan Milli tarix bədii qoruğunun abidələri ilə tanış olmuşdur. Qoruğun muzeyi və Böyükdaş dağının yuxarı səkisində yerləşən abidələrlə tanış olan qonaq Qobustanın dünyada ən nadir açıq hava qayaüstü incəsənət abidələrindən biri olduğunu vurğulamışdır. Həmçinin qoruqda ziyarətçilərlə işin çox yüksək səviyyədə təşkil olunduğunu bildirən Ramon Montes yaradılmış turizm infrastrukturunu xüsusilə vurğulamışdır.

Sonda qonaq Azərbaycanın “Prehistoric Rock Art Trails” (PRAT-CARP) Avropa mədəni marşrutuna qoşulması barədə sertifikatın surətini və PRAT-CARP təşkilatı tərəfindən hazırlanmış, Azərbaycan qayaüstü incəsənəti haqqında broşuraları qoruq rəhbərliyinə təqdim etmişdir. Xatırladaq ki, Qobustan Milli tarix bədii qoruğu 2016-cı ildən adı çəkilən marşruta qoşulmuş Azərbaycanın ilk abidəsidir.

“Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu Avropa Şurasının Mədəni Marşrutlar haqqında qətnaməsini əsas tutaraq Avropanın qayaüstü incəsənət abidələrinin birgə turizm marşrutlarını yaratmaq, administrativ və mədəni fəaliyyətini təşviq etmək məqsədilə yaradılmışdır. Hazırda bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur.

2016-03-17

Qobustan qoruğuna İnfotur təşkil olunmuşdur

18.03.2016-cı il tarixində Qobustan Milli tarix-bədii qoruğunda Novruz bayramı ilə əlaqədar olaraq yeni İnteraktiv ekskursiya marşrutunun təqdimat mərasimi keçirilmişdir. Təşkil olunmuş infoturda turizm şirkətləri, Mədəniyyət və Turizm nazirliyi və KİV nümayəndələri iştirak etmişlər.

Daş və ya metal dövrlərində insanlar Qobustanda necə yaşayırdılar? Necə ov edirdilər? Məişət həyatları necə idi? Petroqlifləri necə çəkirdilər? Bu sualların hamısına kitablardan oxuduğumuz və ya filmlərdən gördüklərimiz əsasında hərə bir cür cavab verə bilər. İnteraktiv ekskursiya bizə kitablarda oxuduğumuz və filmlərdə gördüyümüz həyata “toxunmaq” imkanı verir. Klassik muzey konsepsiyasından fərqli olaraq interaktiv ekskursiya ziyarətçilərə artefaktlara toxunmamaq tələbi qoymur əksinə onları, özlərini qədim həyatın içində təsəvvür etmək üçün müəyyən fəaliyyətlərlə məşğul olmağa təşviq edir.

Aparılan elmi tədqiqatlar nəticəsində Qobustanın dünyanın ən qədim qayaüstü incəsənət mərkəzlərindən biri olduğu məlum olmuşdur. Burada minlərlə qayaüstü təsvirlərlə yanaşı və digər incəsənət nümunələri (daş fiqurlar, sümük və metal üzərində işləmələr və s.), əmək alətləri, məişət avadanlıqları  aşkar olunmuşdur.

Qobustan interaktiv turu xronoloji ardıcıllığa uyğun olaraq “Paleolit incəsənəti”, “Mezolit ovçuları”, “Neolit kəndi”, “Tunc dövrü sənətkarlığı”, “Orta əsr zərbxanası” bölmələrindən ibarətdir.

Bu bölmələrdə ziyarətçilər bələdçinin nəzarəti altında Qobustandan aşkar olunmuş alətlər əsasında hazırlanmış alətlərin köməyi ilə xüsusi ayrılmış daşlar üzərində petroqlif çəkə və digər incəsənət nümunələri yarada, Neolit dövrü evi və məişəti ilə tanış ola, qida məhsullarınn hazırlanmasında iştirak edə, təndir çörəyi və süd məhsullarının dadına baxa, dulus çarxında Qobustan gilindən istifadə etməklə saxsı qablar düzəldə, hazır klişelərdən istifadə etməklə özləri üzərində Qobustan simvolları əks olunmuş xatirə sikkələri zərb edə biləcəklər


İnteraktiv turda iştirak etmək istəyənlər aşağıdakı nömrələrə zəng edərək əvvəlcədən sifariş etməlidirlər:

012 544 66 27

050 344 58 64

2015-06-04

“Bakı-2015”-in məşəli Qobustan qoruğunda

Arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlandı. 1,8 kilometr məsafəni əhatə edən estafet yürüşünü “Sabahın alimləri” müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və “Heydər Əliyev-92” inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başladı. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak etdilər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq “Bakı-2015”-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırdı.

Mərasim “Bakı-2015”-ə həsr olunmuş bədii proqramla davam etdirildi. “Bakı-2015”-in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim etdi. Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüratlarını bölüşərək deyib: “Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Min illərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

2015-04-24

Qobustan qoruğunda “Mədəni irsimizi və təbiəti birlikdə qoruyaq” adlı tədbir keçirilmişdir

2015-ci il 24 aprel tarixində Qobustan Milli Tarix Bədii qoruğunda 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər, o cümlədən 22 aprel Ümumdünya Yer Günü ilə əlaqədar olaraq “Mədəni irsimizi və təbiəti birlikdə qoruyaq” adlı ağacəkmə aksiyası keçirildi. Kampaniyaya qoruq işçiləri ilə yanaşı, Qobustan və Ələt qəsəbələrinin məktəbliləri və bəzi xarici ziyarətçilər də qoşuldular.

İlk olaraq Qobustan Milli Tarix Bədii Qoruğun direktoru Məlahət Fərəcova kampaniya iştirakçılarına Qobustanın təbii landşaftı haqqında məlumat verərək, bu aksiyanın mütəmadi olaraq hər il Qobustan qoruğunda keçirildiyini qeyd etdi. Ağacəkmə aksiyası zamanı yüzədək ağac əkildi. Xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidilərək, suvarıldı. Sonda əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd edildi.

2015-03-18

Qobustanda Novruz

18.03.2015-ci il tarixində Qobustan Milli Tarix Bədii qoruğunda “Qobustanda Novruz” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri, o cümlədən Qala, Atəşgah, Yanardağ, Pir Hüseyn xanəgahı qoruqları, Xalça muzeyi və C.Məmmədquluzadənin ev muzeyinin əməkdaşları iştirak etmişdir.

İlk öncə tədbir iştirakçıları Qobustan muzeyi və abidələri ilə tanış olmuş, daha sonra onlara Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən Yallı rəqsi təqdim olunmuşdur.

Qoruğun direktoru Məlahət Fərəcovanın salamlama və təbrik nitqindən sonra, AMEA-nın Folklor İnstitutunun dosenti Şakir Albalıyev Novruz bayramının elmi-fəlsəfi mahiyyəti haqqında məlumat vermişdir. Tədbirin bədii hissəsini Bülbül adına orta ixtisas məktəbinin yetirmələri öz ifaları ilə işıqlandırmışdır.