XƏBƏRLƏR

Avropa Şurası Mədəni Marşrutlar İnstitutunun nümayəndəsi Qobustan qoruğunu ziyarət etmişdir

7 may 2017-ci il tarixində “Prehistoric Rock Art Trails” (PRAT-CARP) Avropa mədəni marşrutunun koordinatoru və paleolit dövrü qayaüstü incəsənəti mütəxəssisi Ramon Montes Barquin Qobustan Milli tarix bədii qoruğunun abidələri ilə tanış olmuşdur. Qoruğun muzeyi və Böyükdaş dağının yuxarı səkisində yerləşən abidələrlə tanış olan qonaq Qobustanın dünyada ən nadir açıq hava qayaüstü incəsənət abidələrindən biri olduğunu vurğulamışdır. Həmçinin qoruqda ziyarətçilərlə işin çox yüksək səviyyədə təşkil olunduğunu bildirən Ramon Montes yaradılmış turizm infrastrukturunu xüsusilə vurğulamışdır.

Sonda qonaq Azərbaycanın “Prehistoric Rock Art Trails” (PRAT-CARP) Avropa mədəni marşrutuna qoşulması barədə sertifikatın surətini və PRAT-CARP təşkilatı tərəfindən hazırlanmış, Azərbaycan qayaüstü incəsənəti haqqında broşuraları qoruq rəhbərliyinə təqdim etmişdir. Xatırladaq ki, Qobustan Milli tarix bədii qoruğu 2016-cı ildən adı çəkilən marşruta qoşulmuş Azərbaycanın ilk abidəsidir.

“Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu Avropa Şurasının Mədəni Marşrutlar haqqında qətnaməsini əsas tutaraq Avropanın qayaüstü incəsənət abidələrinin birgə turizm marşrutlarını yaratmaq, administrativ və mədəni fəaliyyətini təşviq etmək məqsədilə yaradılmışdır. Hazırda bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur.