XƏBƏRLƏR

Qobustan qoruğuna İnfotur təşkil olunmuşdur

18.03.2016-cı il tarixində Qobustan Milli tarix-bədii qoruğunda Novruz bayramı ilə əlaqədar olaraq yeni İnteraktiv ekskursiya marşrutunun təqdimat mərasimi keçirilmişdir. Təşkil olunmuş infoturda turizm şirkətləri, Mədəniyyət və Turizm nazirliyi və KİV nümayəndələri iştirak etmişlər.

Daş və ya metal dövrlərində insanlar Qobustanda necə yaşayırdılar? Necə ov edirdilər? Məişət həyatları necə idi? Petroqlifləri necə çəkirdilər? Bu sualların hamısına kitablardan oxuduğumuz və ya filmlərdən gördüklərimiz əsasında hərə bir cür cavab verə bilər. İnteraktiv ekskursiya bizə kitablarda oxuduğumuz və filmlərdə gördüyümüz həyata “toxunmaq” imkanı verir. Klassik muzey konsepsiyasından fərqli olaraq interaktiv ekskursiya ziyarətçilərə artefaktlara toxunmamaq tələbi qoymur əksinə onları, özlərini qədim həyatın içində təsəvvür etmək üçün müəyyən fəaliyyətlərlə məşğul olmağa təşviq edir.

Aparılan elmi tədqiqatlar nəticəsində Qobustanın dünyanın ən qədim qayaüstü incəsənət mərkəzlərindən biri olduğu məlum olmuşdur. Burada minlərlə qayaüstü təsvirlərlə yanaşı və digər incəsənət nümunələri (daş fiqurlar, sümük və metal üzərində işləmələr və s.), əmək alətləri, məişət avadanlıqları  aşkar olunmuşdur.

Qobustan interaktiv turu xronoloji ardıcıllığa uyğun olaraq “Paleolit incəsənəti”, “Mezolit ovçuları”, “Neolit kəndi”, “Tunc dövrü sənətkarlığı”, “Orta əsr zərbxanası” bölmələrindən ibarətdir.

Bu bölmələrdə ziyarətçilər bələdçinin nəzarəti altında Qobustandan aşkar olunmuş alətlər əsasında hazırlanmış alətlərin köməyi ilə xüsusi ayrılmış daşlar üzərində petroqlif çəkə və digər incəsənət nümunələri yarada, Neolit dövrü evi və məişəti ilə tanış ola, qida məhsullarınn hazırlanmasında iştirak edə, təndir çörəyi və süd məhsullarının dadına baxa, dulus çarxında Qobustan gilindən istifadə etməklə saxsı qablar düzəldə, hazır klişelərdən istifadə etməklə özləri üzərində Qobustan simvolları əks olunmuş xatirə sikkələri zərb edə biləcəklər


İnteraktiv turda iştirak etmək istəyənlər aşağıdakı nömrələrə zəng edərək əvvəlcədən sifariş etməlidirlər:

012 544 66 27

050 344 58 64