XƏBƏRLƏR

Qobustanda "Məktəblilər üçün Onlayn Mədəni İrs Platforması” təşkil edilib.

Qobustanda "Məktəblilər üçün Onlayn Mədəni İrs Platforması” təşkil edilib.

İyunun 10-dan Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Məktəblilər üçün Onlayn Mədəni İrs Platforması” layihəsinə start verilib. Proqramın interaktiv onlayn ekskursiyası ilk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri dövründə həmçinin karantin rejimindən sonra da davamlı olaraq məktəbliləri onlayn platformada mədəni irsimizlə, muzeylərlə, tarixi abidələrlə və qoruqlarla tanış etmək, uşaq və gəncləri ölkəmizin tarixinin, mədəniyyətinin və incəsənətinin daha dərindən öyrənilməsinə cəlb etməkdən ibarətdir.
“Məktəblilər üçün Onlayn Mədəni İrs Platforması”nın rəsmi açılışında Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, beynəlxalq mədəni irs üzrə mütəxəssislər, xarici arxeoloqlar və Azərbaycan məktəbliləri iştirak ediblər.
Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxışında Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarına, xarici tərəfdaşlara və layihənin bütün iştirakçılarına təşəkkürünü bildirərək, bu layihənin ölkəmizin tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, milli və mənəvi dəyərlər ilə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. Bu layihənin mütəmadi olaraq keçiriləcəyini, Beynəlxalq və Azərbaycan muzeylərinin, tarixi abidələrin, qoruqların təbliğ edilməsinin əhəmiyyətini bildirib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev öz növbəsində layihənin ilk dəfə olaraq Qobustanda həyata keçirilməsinin vacibliyini qeyd edərək Azərbaycan ərazisində ən qədim mədəniyyət ocaqlarından olan Qobustanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və xalqımızın tarixindən bəhs edib. Bildirib ki, qədim tarixi özündə əks etdirən qoruq hər zaman həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların diqqət mərkəzindədir.
Daha sonra Qobustan Milli Tarix-Bədii Qoruğunun direktor müavini Fikrət Abdullayev, Ukrayna Tarix-Arxeoloji Qoruğunun «Каменная могила» (“Daş məqbərələr”) direktor müavini Olqa Penyova, Stenford Universitetinin professoru Sergiu Musteata (Moldova), Tusi Bohm planetariumun direktoru Famil Mustafa, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin ekoloqu Abdin Abbasov çıxış ediblər. Onlar mədəni irs haqqında, xarici qayaüstü təsvirlər, Qobustan petroqlifləri, Qobustan Milli Tarix-Bədii Qoruğunun zəngin biomüxtəlifliyi, astronomik bilgilərin formalaşmasında qayaüstü abidələrdə günəş və ulduzların qeyd olunması barədə iştirakçıları məlumatlandırıblar.
Layihə iştirakçılarına virtual olaraq qoruq əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Qobustanın arxeoloji, mədəni, təbii abidələri haqqında, həmçinin qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilər və "Qavaldaş" haqqında videoçarxlar təqdim olunub.
Qeyd edək ki, layihə Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə 18-24 may 2020-ci il tarixlərində onlayn platformada keçirilən “Türk dünyası muzeylərinin həftəsi” proqramının davamı olaraq həyata keçirilir.