XƏBƏRLƏR

Yola salacağımız 2019-cu il Qobustan Milli Tarix –Bədii qoruğu üçün əlamətdar və önəmli hadisələrlə yadda qalacaq

 

Yola salacağımız 2019-cu il Qobustan Milli Tarix –Bədii qoruğu üçün əlamətdar və önəmli hadisələrlə yadda qalacaq. İl ərzində  qoruğun əsas fəaliyyət istiqamətləri olan –abidələrin mühafizəsi, təbliği, elmi- tədqiqat işləri, işin beynəlxalq standartların tələblərinə uyğun qurulması, sosial- iqtisadi inkişafın təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, ictimaiyyətlə əlaqələrin qurulması istiqamətlərində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Qoruq il ərzində 130-mindən çox ziyarətçi qəbul etməklə ötən illərdəki göstəricilərini artan xəttlə  yeniləmişdir. Milli mənəvi və dünyəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması hər zaman öz aktuallığını saxlayır. Bu məqsədlə  qoruq Azərbaycan xalqının yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaların, milli-mənəvi və dünyəvi dəyərlərin, bayram günlərinin, əlamətdar gün və hadisələrin  qeyd olunması və təbliği istiqamətində   çoxsaylı tədbirlər həyata  keçirib. Muzey Mərkəzinin Sərgi Qalereyasında Qobustan Milli Tarix-Bədii qoruğunun təşkilatçılığ ilə “Reinkarnasiya 5” layihəsi çərçivəsində “Zamanla üz-üzə” adlı sərgi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi, Novruz bayramı ərəfəsində bayram şənlikləri, açıq səma altında bayram yarmarkaları, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi adı altında yaz ağacəkmə kampaniyası çərçivəsində minlərlə ağac əkilməsi, Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar təşkil olunan sərgi və “Açıq qapı” günü,Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə “İpək yolunda Qobustan-İncilərin Rəqsi” adlı geyim kolleksiyasının nümayişi, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçirilmiş  “Keçmişə səyahət” adlı tədbir və “Açıq qapı” günləri, Beynəlxalq  Uşaqlar gününə həsr olunmuş  “Uşaqlar tarixi bizimlə öyrənir” adlı tədbir və bu münasibətlə təşkil olunmuş ”Açıq qapı” günü, Hindistanın Azərbaycandakı səfirliyinin, Qobustan Milli Tarix– Bədii Qoruğunun və Klassik Yoqa Məktəbinin təşkilatçılığı ilə Yoqa və Sağlamlıq festivalı çərçivəsində keçirilmiş tədbir, 26 iyun 2019-cu il tarixində UNESKO-nun Dünya İrs Komitəsinin  bu ilin 30 iyun-10 iyul  tarixlərində Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində təşkil olunan  “Dünya İrsi. Gənc Peşəkarlar Forumu”nun üçüncü iş gününün  Qobustan Milli Tarix Bədii qoruğunda davam etdirilməsi, “Avropa İrs Günləri” ilə əlaqədar təşkil olunmuş  tədbir və “Açıq qapı” günü, 9 Oktyabr Avropa Qayaüstü İncəsənəti Günü münasibəti ilə həyata keçirilən “Açıq qapı” günü və bu çərçivədə keçirilən 6-14 yaşlı məktəblilər arasında “The first Art of Europeans seen by Europeans”(İlk avropalıların incəsənəti gələcək avropalıların gözü ilə) adlı ümumavropa rəsm müsabiqəsi, Bakıda keçirilən “Heyvanların tarixi və populyasiya ekologiyasının tədqiqinin müasir metodları” adlı beynəlxalq elmi seminarın iştirakçıları olan AMEA-nın Zoologiya İnstitutunun ,Rusiyanın Çelyabinsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının  Bitki və Heyvanların Ekologiyası İnstitutunun  əməkdaşları üçün osteoloji materiallardan ibarət sərginin nümayişi, Qobustan-tarixin daş yaddaşı” adlı səhnələşdirilmiş tədbirin təqdimatı, AMEA-nın təşkilatçılığı ilə 07-10 noyabr tarixlərində Bakıda keçirilən “Qayaüstü incəsənəti- mif,rəsm və dünya” adlı seminarın qoruqda keçirilməsi, arxeoloq, Qobustan abidələrinin tədqiqiatçısı Füruzə Muradovanın 85 illik yubiley tədbirinin keçirilməsi, bu münasibətlə təşkil olunmuş sərginin nümayişi özündən söz etdirmiş və yaddaşlarda qalacaq tədbirlər sırasındadır. Qobustan Milli Tarix-Bədii Qoruğu il ərzində həm də ölkəmizin ali qonaqlarının ən çox ziyarət etdiyi məkanlar sırasında olub. Qoruğun qonağı olmuş UNESCO-nun Baş direktoru xanım Odre Azuleyin Azərbaycan Respublikası Hökumətinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı təşəkkür məktubunda Qobustan Milli Tarix-Bədii qoruğu haqqında yazdığı “Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”sözləri Qobustan Milli Tarix-Bədii Qoruğuna, onun fəaliyyətinə verilən yüksək dəyər kimi tərəfimizdən məmnuniyyət və qürur hissi ilə qəbul edilir.

Qobustan Milli Tarix-Bədii Qoruğu 2019-cu ildə, həm də, elmi tədqiqat müəsisiəsi kimi fəaliyyətini davam etdirib. Qoruq əməkdaşlarından ibarət tədqiqat qrupu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Böyükdaş dağının aşağı səkisində Orta Əsrlərə aid qışlaq yeri və Tunc Dövrünə aid dini ibadət yeri olduğu güman olunan ərazidə arxeoloji qazıntılar aparmışdır.

Bundan başqa, Qobustan Milli Tarix-Bədii Qoruğunda qayaüstü təsvirlərin yeni metodlarla qeydiyyatı layihəsinin uğurlu nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Layihənin növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodrigez, Pais Vasco Universitetinin fəlsəfə doktoru Blanca Ochoa Fraile və İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari qoruq rəhbərliyinin dəvəti ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşlar. Görüşdən sonra Qobustan qayaüstü təsvirlərinin qeydiyyatı layihəsinin növbəti mərhələsinin yuxarıda adıçəkilən universitetlərin nümayəndələri ilə birlikdə davam etdirilməsi qərara alınmışdır.

Xarici ölkələrin muzey və qoruqları ilə əməkdaşlığın qurulması, mövcud əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi  Qobustan Milli Tarix–Bədii qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Portuqaliyanın  UNESKO Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi Foz Koanın qayaüstü təsvirlərindən bəhs edən “Avropanı qayaüstü incəsənətlə gəzək” adlı sərginin Qobustan Milli Tarix–Bədii qoruğunda, Qobustan abidələrindən bəhs edən sərginin  Foz Koa qoruğunun muzeyində nümayişi, Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayevin başçılığı ilə qoruq əməkdaşlarından ibarət nümayəndə heyətinin İspaniyanın YUNESKO Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Levant qayaüstü incəsənət ənənəsinin xarakterik abidələrinin təmsil olunduğu La Valltorta muzeyi və Al Barrakin Rio Martin milli parkında işgüzar səfəri bu sahədə görülən tədbirlərdəndir. Qeyd edək ki, PRAT-CARP Avropa Qayaüstü İncəsənət təşkilatının tamhüquqlu üzvü olması  Qobustan Milli Tarix-Bədii qoruğu bu təşkilat çərçivəsində dünyanın müvafiq qoruq və muzeyləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulması işini daha da asanlaşdırır.

Bütün qeyd olunanların fonunda, şübhəsiz ki, Qobustan abidələrinin təbliğ edilməsində mətbuatın da xüsusi rolu vardır. Qobustan abidələrinin dünyaya tanıdılması, qoruğun işinin geniş işıqlandırılması da fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə qoruğun saytı, facebook səhifəsi və instaqram səhifələrində yenilənən xəbərlər yerləşdirilib, reklam çarxları, şəkil və video qalereya nümayiş olunub. Qoruğun işi və burada keçirilən tədbirlər ölkə KİV-ində geniş işıqlandırılıb. İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə təkliflər və rəylər xidməti təşkil edilib.

 İşin keyfiyyətinin yüksəldilməsini, xidmət təminatının yaxşılaşdırılmasını , hər kəsin maraq dairəsinə uyğun tədbirlərin təşkilini  təmin etmək məqsədi ilə  Qobustan Milli Tarix-Bədii Qoruğunda muzeyin qarşısında 2000m2 sahə abadlaşdırılaraq aqlay döşəmə ilə örtülmüş, burada turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yüngül ticarət (suvenir satışı),qəlyanaltı üçün çadırlar quraşdırılmış, ziyarətçilərin rahatlığını təmin etmək üçün avtomobil dayanacağının sahəsi genişləndirilmişdir.Yeni layihələrdən biri olan atçılıq turizminin təşkili məqsədi ilə zəruri binaların tikintisi davam etməkdədir. Qobustan abidələrinə Safari turlarının təşkili maraqla qarşılanacaq layihələrdən biridir. Bu layihənin həyata keçirilməsi üçün iki ədəd- bir ədəd elektromobil və bir ədəd kvadrosikl markalı nəqliyyat vasitəsi alınmışdır.Yeni -2020-ci ildə həmin nəqliyyat vasitələrinin sayının artırılması və safari turlarının genişləndirilməsi nəzərdə tutulur.

2019-cu ilin sonu Qobustan qoruğu üçün daha bir əlamətdar hadisə ilə yadda qaldı. Mərakeşin paytaxtı ər-Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, Qobustan qayaüstü rəsmləri İslam Dünyası İrsi siyahısına daxil edilmişdir. Bu əlamətdar hadisə il ərzində Qobustan qoruğunda görülən işlərə ən böyük töhvə oldu.

Qobustan Milli Tarix- Bədii qoruğunun kollektivi milli –mədəni irsimizin bənzərsiz nümunəsi olan Qobustan  abidələrinin qorunması və beynəlxalq müstəvidə təbliği, həmçinin, qoruqda aparılan elmi-tədqiqat işlərinin canlandırılması və yeni layihələrin təşkili istiqamətində gördüyü işlərdən şərəf duyur və bundan sonrada qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsi üçün böyük səy və qətiyyətlə çalışacaqdır.