XƏBƏRLƏR

Qobustan qoruğunda “Mədəni irsimizi və təbiəti birlikdə qoruyaq” adlı tədbir keçirilmişdir

2015-ci il 24 aprel tarixində Qobustan Milli Tarix Bədii qoruğunda 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər, o cümlədən 22 aprel Ümumdünya Yer Günü ilə əlaqədar olaraq “Mədəni irsimizi və təbiəti birlikdə qoruyaq” adlı ağacəkmə aksiyası keçirildi. Kampaniyaya qoruq işçiləri ilə yanaşı, Qobustan və Ələt qəsəbələrinin məktəbliləri və bəzi xarici ziyarətçilər də qoşuldular. 
İlk olaraq Qobustan Milli Tarix Bədii Qoruğun direktoru Məlahət Fərəcova kampaniya iştirakçılarına Qobustanın təbii landşaftı haqqında məlumat verərək, bu aksiyanın mütəmadi olaraq hər il Qobustan qoruğunda keçirildiyini qeyd etdi. Ağacəkmə aksiyası zamanı yüzədək ağac əkildi. Xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidilərək, suvarıldı. Sonda əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd edildi.