XƏBƏRLƏR

Portuqaliyanın YUNESKO Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi Foz Koa qoruğunun muzeyində Qobustan sərgisinin açılış mərasimi baş tutmuşdur.

Portuqaliyanın YUNESKO Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi Foz Koa qoruğunun muzeyində Qobustan sərgisinin açılış mərasimi baş tutmuşdur. 9 oktyabr Avropa Qayaüstü İncəsənət Günü ilə əlaqədar təşkil olunmuş “Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı sərgi Qobustan Milli Tarix-Bədii qoruğu ilə Foz Koa qoruğu arasında əməkdaşlığın növbəti mərhələsidir.
Açılış mərasimdə Portuqaliyanın qayaüstü incəsənət mütəxəssisləri, arxeoloji qoruq və muzeylərin nümayəndələri ilə yanaşı Foz Koa şəhərinin meri Gustavo Duarte də iştirak etmişdir. Cənab Duarte öz çıxışında iki qoruq arasında əməkdaşlığın həmçinin, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhvə verdiyini və bu Qobustan sərgisinin Foz Koada əlamətdar hadisəyə çevrildiyini bildirmişdir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü incəsənət aləmi üçün belə əlamətdar bir gündə Qobustan sərgisinin açılışının təşkil olunmasının Foz Koa qoruğu ilə Qobustan qoruğu arasında əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulamış və qonaqları sərgi ilə tanış olmağa dəvət etmişdir.
Sərgi ilə tanış olduqdan sonra Portuqaliyanın Fundao Arxeologiya muzeyinin direktoru Pedro Salvado Fundao muzeyində də Qobustan sərgisinin təşkil etmək arzusunu bildirmişdir.
Xatırladaq ki, 2019-cu ilin iyul ayında Qobustanda Foz Koa qoruğunun sərgisi açılmış və 10 gün ərzində 7000-dən çox ziyarətçi sərgi ilə tanış olmuşdur.
"Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı Qobustan sərgisinin nümayişi ilin sonunadək davam edəcək.