XƏBƏRLƏR

Qobustan Milli Tarix Bədii qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar sərgi təşkil olunmuşdur.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq 18 aprel tarixində Qobustan Milli Tarix Bədii qoruğunda açıq qapı günü keçirilmişdir. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu günün məqsədinə müvafiq olaraq Mədəniyyət Nazirliyi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Memarlar İttifaqının dəstəyi ilə Qobustan Milli Tarix Bədii qoruğunda Qarabağın erməni işğalı altında qalan abidələri haqqında sərgi təşkil olunmuşdur. Sərgidə Qarabağda erməni vandalizminə məruz qalmış mədəni irsimiz: muzeylər, mədəniyyət evləri, məscidlər, qəbirlər, qədim alban memarlığı abidələri, arxeoloji abidələr, xalçalar və s. haqqında stendlər və videorolik nümayiş olunur.

Sərgi Qobustan abidələrini görməyə gələn ziyarətçilərin, xüsusilə xarici ziyarətçilərin marağına səbəb olmuşdur. Muzey əməkdaşları Qarabağ münaqişəsi və münaqişə nəticəsində vandalizmə qalmış mədəni irs abidələri, ümumilikdə Qarabağın maddi və mədəni irsi barədə ziyarətçilərə məlumat vermişlər.