XƏBƏRLƏR

Qobustan Milli Tarix-Bədii Qoruğunda ağacəkmə aksiyası keçirildi

Aprelin 13-də Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizli yaz ağacəkmə kampaniyası çərçivəsində qoruq ərazisində ağacəkmə aksiyası həyata keçirildi.

Aksiya Mədəniyyət Nazirliyi və nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə gerçəkləşdi.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov iştirak edirdi.

Mətbuat nümayəndələrinə açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev bu təşəbbüsün əhəmiyyətini yüksək qiymətləndirdi: “Qobustan tariximizin ən müqəddəs məkanlarından biridir. Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunda kütləvi ağacəkmə aksiyası həyata keçirilir. Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də  Hesablama Palatasının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri bu aksiyada iştirak edir. Bildiyiniz kimi, Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bu münasibətlə Azərbaycana 3 mindən artıq qonağın gələcəyi nəzərdə tutulur. Onların ölkəmizdə UNESCO-nun Dünya irs siyahısına daxil olan abidlərlə tanışlığı da gözlənilir. Bunların sırasında Qobustan qoruğu da var”.

Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, Qobustan qoruğundakı muzey 2013-cü ildə Avropanın beş ən yaxşı muzeyi sırasına daxil olub. Bu muzeyin tikintisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aparılıb, eləcə də qoruqda abadlıq işləri görülüb.

Nazir vurğuladı ki, xalqımızın böyük sərvəti olan Qobustanın qorunması, gələcək nəsillərə ötürülməsi bizim borcumuzdur.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru ağacəkmə aksiyası haqqında məlumat verdi. Bildirdi ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında reallaşır. Qobustan qoruğunun Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində, 30 metr zolaqda yerli landşafta uyğun akasiya, badam, sərv, Eldar şamı və zeytun ağaclarının əkilir.

Qeyd edək ki, aksiyada ümumilikdə 3 mindən artıq ağac əkildi.

Tədbir iştirakçıları daha sonra qoruğun muzeyi ilə tanış oldular.