XƏBƏRLƏR

“Qobustan qoruğunda muzey işinin təşkilində beynəlxalq təcrübənin tətbiqi” adlı seminar

28.01.2015-ci il tarixində Qobustan Milli Tarix Bədii qoruğunda “Qobustan qoruğunda muzey işinin təşkilində beynəlxalq təcrübənin tətbiqi” adlı seminar keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Slavyan Universitetinin tələbə və müəllimləri iştirak etmişdir. Tədbir iştirakçılarına Qobustan muzeyi və abidələri ilə tanışlıqdan sonra qoruğun fəaliyyətini və beynəlxalq əlaqələrini əks etdirən təqdimatlar nümayiş etdirilmişdir. “Qobustanın arxeoloji irsi dünya mədəni irsi kontekstində” adlı təqdimatla çıxış edən qoruğun direktoru Məlahət Fərəcova UNESCO Dünya İrsi anlayışı və Qobustan qoruğunun beynəlxalq əlaqələri haqqında məlumat vermişdir.
Qoruğun digər əməkdaşları Rəhman Abdullayev “Qayaüstü incəsənət üzrə ixtisaslaşmış muzeylərin iş prinsipi” mövzusunda, Elnarə Adıgözəlzadə “UNESCO konvensiyalarının muzey işinin təşkilində rolu” mövzusunda, Səid Rzayev “Bolqar tarixi və arxeoloji kompleksi” mövzusunda təqdimatlarla çıxış edərək gənc muzeyşünaslara, qoruğun nüfuzlu beynəlxalq təşkilatlar və muzeylərlə təcrübə mübadiləsi nəticəsində əldə etdikləri məlumatları çatdırmışlar.