XƏBƏRLƏR

Qobustan qoruğunun nümayəndə heyəti Fransada səfərdə olmuşdur

Qobustan Milli tarix bədii qoruğunun direktoru Vüqar İsayev və elmi katibi Rəhman Abdullayev 29-30 noyabr 2018-ci il tarixlərində Fransanın Dordogne Departament Şurasının prezidenti Germinal Peironun dəvəti ilə Avropa Şurasının Mədəni Marşrutlar institutun “Prehistoric Rock Art Trails” (PRAT-CARP Qədim qayaüstü incəsənət izləri) mədəni marşrutunun Baş Assambleyasının illik toplantısında iştirak etmək üçün Fransanın Montinyak (Montignac) şəhərində  səfərdə olmuşdur.

Səfər proqramına uyğun olaraq “Lasko IV”  (Lascaux IV) muzey kompleksi ilə tanışlıq turu təşkil edildi. “Lasko IV” muzey kompleksi 2016-cı ilin dekabrında Fransa prezidenti Fransua Hollandın iştirakı ilə açılmışdır. Kompleks Lasko mağarasının replikasından və muzeydən ibarətdir. Qonaqlara Lasko mağarısının qayaüstü təsvirləri və kompleks barədə geniş məlumat verildi. Təşkilatın Baş Assambleyasının iclaslarında yeni qəbul olunmuş üzvlər təsdiqləndi və 2018-ci il ərzində görülmüş işlər barədə hesabat dinlənildi. Sonda 2019-cu il üçün təşkilatın iş planı təsdiq edildi.

Səfər zamanı Avropanın müxtəlif qayaüstü incəsənət abidələrini təmsil edən mütəxəssislərlə fikir mübadiləsi aparılmış və əlaqələrin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır.

Qeyd edək ki, “Prehistoric Rock Art Trails” (CARP)  mədəni marşrutu Avropa Şurasının Mədəni Marşrutlar haqqında qətnaməsini əsas tutaraq Avropanın qayaüstü incəsənət abidələrinin birgə mədəni marşrutlarını yaratmaq, administrativ və mədəni fəaliyyətini təşviq etmək məqsədilə yaradılmışdır. Hazırda bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Portuqaliya, Gürcüstan və Azərbaycandan 34 qayaüstü incəsənət qoruq və muzeyi təmsil olunur.