XƏBƏRLƏR

Qobustan kurqanları

Qobustanda yaşayış məskənləri ilə yanaşı müxtəlif tipli qəbir abidələri, xüsusilə çoxsaylı kurqanlar arxeoloji qazıntılar vasitəsilə öyrənilmişdir. 1960-cı illərdən arxeoloq Firuzə Muradova Qobustan ərazisində 40-a qədər kurqan aşkar etmiş və araşdırmışdır. Tunc dövründə yaradılan bu kurqanlarda güman ki, yerli tayfaların əyanlarını və ya cəmiyyətdə sosial statusuna görə fərqlənən digər insanları dəfn edirdilər. Kurqanlar müxtəlif daş, taxta və qum qatlardan hazırlanan dairəvi qəbirlərdir. Bir qayda olaraq kurqanların mərkəzində daş lövhələrdən hazırlanmış qəbir var. Qəbirdə dəfn edilən insan qalıqları olurdu. Bəzən mərhumun yanında saxsı qablar, metal əşyalar və heyvanlar da basdırılırdı.

Qobustan kurqanları üçün təsvirli daşların aşkar olunması xarakterikdir. Daş plitələr üzərində əsasən heyvan təsvirləri və geometrik işarələrə rast gəlinir. Ölüləri kurqanda basdıran və petroqlifləri yaradan insanlar, çox güman ki, Qobustan ərazisində yaşayan köçərilər idi.