XƏBƏRLƏR

Vüqar İsayev: Bu il Qobustan qoruğuna Rusiya, Türkiyə və İrandan gələn turistlər üstünlük təşkil edib

Bakı, 1 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100 mindən artıq artefakt hazırda Qoruğun fondlarında qorunmaqdadır. Bunlardan əlavə Latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi altındadır. Bütün bunlardan cəmi 500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev söyləyib.

Müsahibimiz bildirib ki, hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” da fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.

Qoruğun turistlər üçün daha da əlverişli məkanlardan biri olduğunu deyən V. İsayev söyləyib: “Qobustanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və dövlət başçımızın Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artmaqdadır. Bu il də bu tendensiya təkrarlanmaqdadır. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən – Rusiya, Türkiyə və İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.