XƏBƏRLƏR

İtaliyalı tədqiqatçılar Qobustanda elmi tədqiqat aparmaq üçün qoruq rəhbərliyinə müraciət edib

Bakı, 1 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində qoruğun direktoru Vüqar İsayev deyib.

O bildirib ki, UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir.

“Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini , administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır. Bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür. Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin, qoruqda Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır”, - deyə V. İsayev söyləyib.