XƏBƏRLƏR

Qavaldaş

Qobustanda maraq doğuran qədim abidələrdən biri qədim musiqi aləti-Qavaldaşdır. İshaq Cəfərzadənin (Qobustan abidələrini aşkar edən və ilk tədqiqatçısı, arxeoloq) əsərlərində onun adı «Qavalçalan daş» deyə çəkilir. Bu təsadüfi deyil, çünki həmin abidə yerli maldarlara ata-babadan bu ad altında məlum olmuş və yaddaşlardan silinməmişdir.

Daşdan bu cür qədim musiqi aləti Qobustanda iki ədəddir. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Cingirdağ - Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. İkinci Qavaldaş Böyükdaş dağının şimal-şərq ətəyində yastı və nəhəng qaya parçasıdır. O bir (qərb) yanını torpaq örtmüş sal qayanın üstündədir. Qavaldaşın şimal ucu 50 sm-dən çox yuxarı qaldırılıb və daşın ortasına yaxın yerdə altına balaca bir daş atılmışdır. Beləliklə, Qavaldaşın cənub ucu altına atılmış daşın üstündə olmaqla bütövlükdə havada qalmışdır.

Qavaldaşların hər biri görkəmcə ətrafda olln minlərlə qaya parçalarından o qədər də fərqlənmir. Bəs niyə yalnız bunlar, göstərilən iki daş musiqi aləti sayılır? Bunun səbəbi həmin daşların müxtəlif sahələrinə xırda daşlarla zərbə endirməklə alınan müxtəlif tonlu, metal cingiltili səslərdir.  Bu daşlarda zərb alətlərində ifa edilən musiqi nömrələrini səsləndirmək mümkündür.

Qavaldaşın səs çıxarmasının sirri çox sadədir - onun hava yastığı üzərinə qaldırılmasındadır. Quru, yüngül, özündən altdakı daş və qaya üzərinə iki nöqtədə toxunan və beləliklə bir növ havada qalmış təbəqəvari yastı əhəngdaşına kiçik daşla zərbə vurduqda qalınlığından və nazikliyindən, böyük və kiçikliyindən, zərbənin daşın qalın və ya nazik hissəsinə, vurulmasından asılı olaraq müxtəlif tonlu, istənilən ahəngli səslər alınır. Hətta, yalın əllə də Qavaldaşa ötəri bir zərbə vurduqda onun içərisindən gələn zümzümə bir dəqiqə kəsilmir.

Qavaldaşdan musiqi aləti kimi istifadə etmiş babalarımızdan heç kəs zəmanəmizə qədər yaşamayıb, o dövrdə yazı da olmayıb, yazılı sənəd də yoxdur. Bəs alimlər necə biliblər ki, bu daşlar musiqi alətidir?

Qavaldaş» necə tapılmış, onun musiqi aləti olduğu necə müəyyənləşdirilmişdir?  Qobustanın tədqiqatçısı, arxeoloq Cəfərqulu Rüstəmov “Qobustan Dünyası” kitabında yazır:

-         “Bu haqda İshaq müəllim   belə nəql edirdi ki, 1947-ci ildə axtarışda olarkən bir dəfə, yazın istisində yorulub Cingirdağ zonasında yaxınlıqdakı çoban dəyələrinə yaxınlaşıb su istəyir. Onu yorulmuş görüb alaçığa dəvət edirlər, körəməz verirlər, içir, sonra oturub bir qədər dincəlmək istəyir. Düşərgədəkilər onun başına yığışıb işi ilə    maraqlanırlar, söhbət edirlər. Bir azdan çobanların briqadiri yolda görünür (o düşərgədə yox imiş) və yaxınlaşıb toğlu sürüsünün yerini - harada olduğunu soruşur. Çobanlardan biri cavab verir ki, «Qaval çalan daşın» yanındadır. İshaq müəllim bu cümləni tutur və soruşur: «Sürü haradadır dediniz?» Çoban cavab verir ki, «Qaval çalan daşın yanındadır». İshaq müəllimi maraq götürür, çobanları o daş haqda sorğu-suala tutur. Deyirlər ki, bəli, Cingirdağın şimal-şərq ətəyində belə bir daş var ki, qaval kimi səslənir. Onu nağara kimi çalıb səsləndirmək olur. İshaq müəllim xahiş edir ki, daşı ona göstərsinlər. Bir nəfər gedib daşı göstərir. İshaq müəllim deyirdi ki, çoban daşı çaldı və daşdan elə bir məlahətli səs qopdu ki, az qalmışdı mən özüm də oynayam. Bir də deyirdi ki, mən maldarların çoxundan, qocasından da cavanından da soruşanda ki: «Siz nə bildiniz ki, bu daş nağara kimi səs çıxarır və ona «Qaval çalan daş» adını kim verib? Hamısı çiyinlərini çəkib deyirdilər: «Nə bilim ata-babadan gözümüzü açandan onu «Qaval çalan daş» deyə eşidib tanımışıq». Böyükdaş dağındakı 2 №-li Qavaldaş isə sonralar aşkar edilib qeydə alınmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, özündən altdakı qayaya-daşa az toxunmaqla bir növ havada qalmış hər hansı yastı və iri əhəng daşı parçası müəyyən ölçüdə səs çıxarır. Biz belələrinə çox rast gəlmişik. Lakin bu daşların yeri, vəziyyəti, duruşu və s. qədim insanlar tərəfindən onların musiqi aləti kimi istifadə edilməsi haqda fikir söyləməyə haqq vermir. Böyükdaş dağındakı Qavaldaşın qaldırılıb altına daş qoyulmaqla, xüsusi olaraq düzəldildiyini qeyd etmişdik. Onu da deyimki, hələ təzəcə aşkar edilən zaman onun şimal ucu və cənub tərəfi səthində döyülüb hamarlanmış sahələr aydın görünürdü…

Onun qədim qobustanlılar, çox güman ki, 200-300 metr aralıdakı, ilk Tunc dövrünə aid «Dairə» yaşayış yerinin sakinləri tərəfindən qaldırılıb düzəldildiyi və musiqi aləti kimi istifadə edildiyi bizdə şübhə doğurmur.”