XƏBƏRLƏR

Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu

Oktyabrın 18-də Qobustan Milli Tarixi-Bədii Qoruğunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edərək 1991-ci il oktyabrın 18-də Ali Sovetin “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməsi ilə Azərbaycan xalqının müstəqillik arzusunun həyata keçdiyini dedi. Müstəqilliyin ilk illərində Azərbaycanın xeyli çətinliklərlə üzləşdiyini diqqətə çatdıran Vüqar İsayev bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı nəticəsində Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli liderin yorulmaz səyləri nəticəsində qısa müddətdə cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginlik aradan qaldırıldı, dövlət quruculuğu işlərinə başlandı. Məhz həmin işlər Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.

Vurğuladı ki, ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub. Digər sahələrdə olduğu kimi ölkəmizin mədəni irsinin qorunması sahəsinə də dövlət tərəfindən xüsusi diqqətlə yanaşılır. Tarixi abidələrin qorunması, təbliği və bərpası istiqamətində mühüm işlər görülür. Ölkəmiz Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bu gün UNESCO kimi mötəbər qurumda uğurla fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınmasına xidmət edir.

Mərasimdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova çıxış edərək müstəqillik günün əhəmiyyətindən danışdı. 27 il əvvəl qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu vurğuladı. Bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Eyni zamanda ölkəmizin mədəni irsinin qorunması və təbliği də daim diqqət də saxlanılır.

Könül Cəfərova vurğuladı ki, bu gün demək olar ki, Azərbaycana gələn hər bir qonaq, hər bir turist Qobustanı ziyarət etməklə Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır.

Daha sonra ölkəmizin müstəqillik yoluna həsr olunmuş videoçarx nümayiş edildi.

Sonda qoruq ərazisinə ekskursiya təşkil olundu.