XƏBƏRLƏR

Qobustan Milli Tarix-Bədii Qoruğunun vebsaytı NETTY2017 mükafatının qalibi olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «NETTY» Azərbaycan Milli İnternet Mükafatı 13-cü dəfə qaliblərinə təqdim olunub.  «Park İnn» otelinin «Dan Ulduzu» zalında baş tutan təntənəli mükafatlandırma mərasimində ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, artıq 10 ildən artıq bir müddətdir ki, «NETTY» Milli İnternet Mükafatı uğurla keçirilir.

Builki nominantlarının müəyyən edilməsi üçün Ekspert Şurası və Virtual Münsiflər Heyətinin paralel səsverməsinin həyata keçirildiyi bildirilib.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində müvafiq nominasiyalar («Azərbaycan», «Dövlət saytı»,  «Elm və təhsil», «Mədəniyyət və incəsənət», «Cəmiyyət», «İnformasiya və xəbərlər», «Servis sayt»,  «Korporativ sayt», «Elektron Kommersiya sahəsində ən yaxşı sayt» «İdman», «Şəxsi sayt», «Virtual münsiflər heyətinin seçimi») üzrə Azərbaycanda ən yaxşı saytlar seçilir.

Ekspert şurası və virtual münsiflər heyətinin səsverməsinə əsasən «Mədəniyyət və incəsənət» nominasiyasında – Qobustan Milli Tarix-Bədii Qoruğunun vebsaytı  ( gobustan-rockart.az ) NETTY2017 mükafatına layiq görülmüşdür.